Ötən gün Bakıda türkiyəli məşhur şairin şeir gecəsi keçirilib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə, eləcə də ölkəmizdə gənclər tərəfindən kifayət qədər tanınan və sevilən tanınmış şair Kahraman Tazeoğlunun “Kitabevim.Az Kitab Marketi”ndə şeir gecəsi baş tutub.

Tədbirə çox sayda izləyicilər gəlmişdi ki, onların əksəriyyətini də xanımlar təşkil edirdi. Şair özü də bu mənzərəni görərək, səbəbini bəylərin kitab oxumamağında görüb. Səmimi pərəstişkar sevgisi görən türkiyəli şair tədbir çərçivəsində oxucuları tərəfindən dillər əzbəri olan şeirlərini səsləndirib.

Gecədə çıxış üçün azərbaycanlı gənc şairlərə də söz verilib.

Sonda imza mərasimi keçirilib və jurnailstlərin sualları cavablandırılıb. Şairi sevənlər ondan imzalı kitab almaq və xatirə şəkli çəkdirmək üçün bir saata yaxın növbədə durmalı olublar.

K.Tazeoğlu tədbirdə, ümumiyyətlə paytaxtımızda gördüyü isti münasibətə görə təşəkkürü bildirib və yenidən Azərbaycana gəlmək istədiyini də vurğulayıb.

Şairin Bakıya səfəri zamanı, həmçinin Elxan Yurdoğlu və Nərgiz İsmayılova tərəfindən Azərbaycan türkcəsinə çevrilən “Seni içimden terkediyorum” (“Səni içimdən tərk edirəm”) kitabı da təqdim edilib.

Qeyd edək ki, tanınmış şair 2004-cü ildə Türkiyədə RAYAD (Radio Yayımçıları Dərnəyi) tərəfindən ən yaxşı şeir proqramı aparıcısı, 2006-cı ildə Türkiyə Yazıçılar Birliyi tərəfindən ən yaxşı radio proqramı aparıcısı seçilib. 17 kitabı işıq üzü görüb, sonuncu kitabı “Vazgeçtim” iki həftə əvvəl 250 min tirajla yayımlanıb.















Mənbə
ANS PRESS