Qərbli həmkarlarımız bir ağızdan deyirlər ki, məşhur müğənninin sevgilisi hamilədir

Müğənni Xulio İqlesiasın elə özü kimi məşhur olan oğlu Enrike 40 yaşını haqlayır. Mayın 8-də yubileyini qeyd edəcək pop-ulduz, yəqin, bu səbəbdən subaylığın daşını atmaq qərarına gəlib.

Milli.Az bildirir ki, bu xəbərləri qərb mediası başqa cür yozur: Enrikenin 14 ildir sevgilisi statusunu daşıyan keçmiş tennisçi Anna Kurnikova hamilədir.
 
Qərbli həmkarlarımız yazırlar ki, yaxın günlərdə Enrike ilə Anna Xulio İqlesiasın qonağı olublar və bu zaman rus gözəlin qarnı paparassilərin "gözünə girib".

Deyilənə görə, ata İqlesias cütlüyü valideyn olmaq münasibətilə təbrik edib, həmçinin evlənmələri üçün xeyir-duasını verib.

Maraqlıdır ki, bir neçə ay əvvəl Enrike teleşouların birində Anna ilə əlaqələrinin kəsilməsini ciddi sifətlə doğrulamışdı. Üstəlik, "məşhurlardan kiminlə evlənərsiniz?" sualına "Britni Spirslə" cavabını vermişdi.

Bunun zarafat, yoxsa gerçək olduğunu isə 5-6 ay sonra biləcəyik.
 
Milli.Az