Bakı, 11 aprel, AZƏRTAC
Qafqaz Universitetləri Birliyi tərəfindən təşkil edilən “Bakı KÜNİB 2015” təhsil sərgisi günləri çərçivəsində bu birliyə daxil olan universitetlərin rektorları aprelin 11-də Bakı Dövlət Universitetində (BDU) olublar.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tanınmış alimlərin universitetə gəlişindən məmnunluğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın ən böyük təhsil və elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində işlədiyindən danışan rektor Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərindən də söz açıb. A.Məhərrəmov BDU-nun Türkiyənin bir çox ali məktəbləri ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. Rektor bugünkü görüşün üniversitetlərarası əlaqələrin davamlı olmasına böyük zəmin yaradacağını bildirib. Otuzadək təhsil ocağının nümayəndələrinin iştirakı etdikləri görüşdə bu ali məktəblərin bəziləri ilə əməkdaşlıq müqaviləsinin olduğunu deyən rektor bu gün daha iki universitetlə müqavilənin imzalanacağını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Qafqaz Universitetləri Birliyinin sədri, Ərdahan Universitetinin rektoru Ramazan Korkmaz yenidən Azərbaycana gəlişindən məmnunluğunu ifadə edib, dövlətlərarası dostluq, qardaşlıq münasibətlərindən söz açıb.
Sonra Bakı Dövlət Universiteti ilə Türkiyənin Batman və Ərzurum texniki universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Sənədləri akademik A.Məhərrəmov və bu universitetlərin rektorları – Abdüssəlam Uluçam və Muammer Yaylalı imzalayıblar.
Müqavilələrdə birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur.
İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi və Nanoaraşdırmalar laboratoriyasında olublar.