Prezident İlham Əliyev aprelin 11-də Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzində yaradılan şəraitlə tanış olub. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, ölkə başçısına məlumat verilib ki, 1982-ci ildə istifadəyə verilən mərkəz uzun müddət Lənkəran şəhər 2 nömrəli Mədəniyyət Evi adı ilə fəaliyyət göstərib. O vaxtdan keçən dövr ərzində burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün burada geniş imkanlar yaradılıb. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Burada ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Lənkərana səfərlərindən və ölkədə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Üç mərtəbəli bina ən yüksək səviyyədə, müasir üslubda təmir edilib. 550 yerlik akt zalında Lənkəranın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hərtərəfli şərait var. Bu, ümumilikdə rayonun incəsənət və mədəniyyət işçilərinə yeni uğurlar əldə etmək üçün həm stimul, həm də geniş imkanlar yaradır.
Diqqətə çatdırılıb ki, Lənkəranda tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq, Mərkəzdə rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Mədəniyyət Mərkəzinin zəngin kitab fondu, oxu zalı və 50 yerlik konfrans zalı var. Buradakı rəqs zalı, ingilis dili, kompüter kursu və digər dərnəklər gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, burada etnoqrafiya sərgisi də yaradılıb. Bu sərgi Lənkəranın qədim tarixi haqqında geniş məlumatlar əldə etməyə imkan verəcək. Son illər ölkəmizdə mədəniyyətin inkişafına göstərilən yüksək diqqət özünü mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlarin qayğı ilə əhatə olunmasında, həmçinin ölkəmizin beynəlxalq səviyyəli mədəni tədbirlərə ev sahibliyi etməsində daha çox büruzə verir. Bu baxımdan Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı, onun dünyada təbliği, Azərbaycanın zəngin mədəni irsinin, musiqi ənənələrinin qorunması ilə bağlı həyata keçirdiyi layihələr xüsusi önəm kəsb edir. Bölgələrdə müasir mədəniyyət ocaqlarının yaradılması bu sahənin regionlarda da hərtərəfli inkişafına töhfələr verir. Lənkəranda əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzi də bu baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev Mərkəzlə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev həmçinin Lənkəranda yeni inşa olunan uşaq bağçasının açılışında da iştirak edib. Dövlət başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, uşaq bağçasının inşasına 2013-cü ilin dekabrında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Ərazisi 0,7 hektar olan bağça 3 binadan ibarətdir. Burada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşları kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Bağçada 3 yaşdan 6 yaşadək 110 uşaq 11 qrupda təlim-tərbiyə alacaq. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bağçada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardağı, oyun meydançası yaradılıb, su anbarı tikilib və transformator yarımstansiyası quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib.