Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Artıq ikinci dəfədir ki, qonaqpərvər ölkənizdəyəm və Quba şəhərində türk-müsəlman əhalisinin soyqırımına həsr olunmuş beynəlxalq tədbirdə iştirak edirəm. Qubadakı soyqırımı məzarlığını ziyarət etdikdən sonra bu barədə danışmaq mənim üçün olduqca ağırdır. Biz qətlə yetirilən yerli sakinlərin, o cümlədən uşaqların, qocaların kütləvi şəkildə basdırıldığının şahidi olduq. Bu Azərbaycan tarixinin ən ağrılı səhifələrindəndir. Burdan məlum olur ki, həmin dövrdə güc işlətməklə, dinc sakinləri qətlə yetirməklə xalqın iradəsini sındırmaq istəyiblər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusunda II Beynəlxalq elmi konfransda iştirak edən Rusiya Federasiyasının İnquşetiya Respublikasından gəlmiş tarixçi Marem Dolqiyeva bildirib.
İnquşetiya Dövlət Universitetində çalışan tarixçi müsahibəsində soyqırımı faktını dəyərləndirərkən beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalara əsaslanmağın lazım gəldiyini deyib. “Birləşmiş Millətlər Təşkilatında soyqırımlarının müəyyənləşdirilməsi ilə bağlı 1948-ci ildə qəbul olunmuş konvensiyasının müddəalarına əsasən təhlil etsək belə bir nətiyə gəlirik ki, Cənubi Zaqafqaziya ərazisində, Azərbaycanda, o cümlədən Qubada dinc əhaliyə qarşı törədilən qətliamlar sözsüz olaraq soyqırımı aktı kimi qəbul edilməlidir. Fikrimcə , tarixçilər bu kimi hadisələri heç bir ideoloji təsir olmadan, siaysi qiymət vermədən, obyektiv araşdırmalıdır. Tarixçilər, elm adamları əllərindən gələni etməlidir ki, bir daha xalqların taleyində qətliamlar, soyqırımları yaşanmasın”.