Bakı, 10 aprel, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətində (DMX) ölkəmizə uçuşlar həyata keçirən aviasiya şirkətlərinin səlahiyyətli nümayəndələri ilə “dəyirmi masa” keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xidmət rəisinin müavini Pərviz Musayev qeyd edib ki, “I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 avqust tarixli Sərəncamının icrası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək məsələlərə dair Tədbirlər Planı hazırlanıb və qurumun rəisi tərəfindən təsdiqlənib. Tədbirlər Planının icrası ilə bağlı martda Xidmətdə keçirilmiş müşavirədə səlahiyyətli şəxslərə müvafiq göstərişlər verilib. DMX-nin səlahiyyətlərinə aid məsələlərin operativ həlli üçün Xidmətin müvafiq struktur bölmələrinin və sisteminə daxil olan qurumların əməkdaşlarından ibarət işçi qrup yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının və ölkəmizə təşrif buyuran qonaqların, yarış iştirakçılarının, tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi baxımından ictimaiyyətin, həmçinin əcnəbilərin məlumatlandırılması, bu sahədə yarana biləcək sualların həlli ilə bağlı müvafiq tədbirlər görülür. Belə ki, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər I Avropa Oyunlarının açılışına 60 gün qalmışdan başlayaraq Oyunların bitməsindən 30 gün keçənədək olan dövrdə pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında Azərbaycan Respublikasına gələ və gedə bilərlər. I Avropa Oyunlarına bilet və ya bilet alışını təsdiq edən sənədi təqdim edən əcnəbilər və xarici dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Oyunların açılışına 10 gün qalmışdan etibarən Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.
Daha sonra bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Xidmət I Avropa Oyunları ilə bağlı öz işini günün tələbləri səviyyəsində qurub. Bu müddətdə ölkəmizə gələn əcnəbilərin miqrasiya ilə bağlı rahatlıqlarının təmin olunması üçün hər cür şərait yaradılıb. Belə ki, yarışları izləmək üçün ölkəmizə əcnəbilərin kütləvi şəkildə təşrif buyuracaqlarını nəzərə alan Dövlət Miqrasiya Xidməti onların olduğu yer üzrə qeydiyyatının elektron qaydada aparılmasını təmin edib. Azərbaycan Respublikasının ərazisində 10 gündən artıq müvəqqəti qalacaq akkreditasiya olunmuş şəxslər, habelə I Avropa Oyunlarının iştirakçıları isə olduqları yer üzrə qeydiyyatdan azad edilib.
Qeyd olunub ki, I Avropa Oyunları ilə bağlı Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində də yerləşdirilib.
Tədbirdə qonaqlara akkreditasiya kartı və digər sənədlərin nümunələri təqdim edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.