“Məmmədov, razı deyilsənsə, Sibirdə doğramağa çox meşə var”

Zaman, 20 noyabr 1945-ci il.

 

Məkan, Almaniyanın Nürenberq şəhəri, Andlılar Məhkəməsinin Böyük Zalı...

 

Burda dünya tarixinin bəlkə də ən böyük və qalmaqallı məhkəmə prosesi gedir. Elə müttəhimlər kürsüsündə əyləşənlərin bəzilərinin adlarını çəkmək kifayətdir:  Herman Qerinqa,  İoaxim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Frits Zaukel, Artur Zeys-İnkvart,  Rudolf Qess, Valter Funk, Erix Reder...və general Pauls. Sonuncuyla, 300 min əsgəri ilə bərabər Stalinqradda əsir düşən general Paulsla bağlı məqamlara hələ çox qayıdacağıq. İndilikdə isə Nürenberqdə bəşəriyyətə qarşı böyük cinayət işlətmiş faşist canilərin məhkəməsi başlayıb. Məhkəmənin baş ittihamçılarından biri isə, nə az, nə çox, düz 1981-ci ilə qədər SSRİ-nin baş prokuroru olacaq Roman Rudenko idi.

 

 

 

SSRİ həmin məhkəmədə daha bir neçə ədliyyə generalı, habelə başqa rəsmilərlə də təmsil olunurdu. Amma məhkəmə zalında SSRİ tərəfdən bir nəfər də iştirak edirdi. Bu, arıq, hündürboylu, yaraşıqlı leytenant SSRİ XİN-i təmsil edirdi. Eyni zamanda  Stalinqradda məğlub olub əsir düşmüş general Paulsun Moskvadan Nürenberqə, hərbi tribunala gətirən bu cavan oğlan məhkəmədə generalın tərcüməçisi idi. Elə həmin məhkəmədəcə məlum olanda ki, rəsmi Kremlin tapşırığı ilə generalı gizlin yolla Amerikan zonasından keçirən, onu Nürenberqə gətirib çıxaran da elə bu cavan oğlandır…müttəfiqlər şoka düşəcəkdilər. Çünki general Paulsun məhkəməyə gətirilməsi, nə ABŞ-ın, nə də Böyük Britaniyanın marağında deyildi. Çoxlu hərbi sirdən xəbərdar idi Pauls. Elə müttəfiqlərin Hitlerlə bəzi bazarlaşmalarından da. Paulsun tərcüməçiliyini isə 22 yaşlı bu cavan oğlana tapşırmışdı o nəhənglikdəki SSRİ…

 

*** 

 

 

1923-cü ilin 15 avqustunda Bakıda anadan olmuşdu. Atası Nazim Raufoğlu müəllim idi. Anası Olqa Alekseyevna İvanova isə karguzarlıqdla məşğul olurdu. Bir də evlərindəki   çap makinası ilə əlavə işlər götürüb müxtəlif sifarişləri görərdi. O, hələ orta məktəbdə oxuyarkən atası Nazimi NKVD həbs edir. Onun hansı ittihamla tutulduğu barədə ailəsinə düz-əməlli bir söz də demirlər. Ailənin dolanışığı Olqa Alekseyvnanın üzərinə düşür. Onun özünü isə nənəsi Anna Suxtina böyütmüşdü. Məşhur rus yazıçısı Lev Tolstoyun da qohumu olan nənə balacaya uşaq vaxtından fransız və alman dillərini də öyrətmişdi.

Repressiya dalğası təkcə Məmmədovlar ailəsini yox, onların yaxınlarından da vaz keçməmişdi. İş elə gətirdi ki, 13 yaşındaykən məktəbdən çıxmışdı. Çilingər köməkçisi işləyirdi. Amma 7 illik təhsili, bir də nənənin, hə, məhz nənənin verdiyi tərbiyə onu artıq yetkin bir gənc kimi formalaşdırmışdı.

 

“Alman və fransız dillərindən başqa nənəm az da olsa, italyanca da öyrətmişdi. Nənəm qraf nəslindən idi. 30-cu illərin repressiyalarına baxmayaraq hələ də evdə qulluqçu saxlayırdı. Həmin qulluqçu isə milliyyətcə alman idi. Tədricən bu dili də öyrənməyə başladım”.

 

***

7-8 yaşlarından bir neçə dili mükəmməl mənimsəyən bu uşaq nəhayət orta məktəbi bitirə bilir. Və qərara alır ki, təyyarəçi olsun. Elə bu məqsədlə də Aviasiya Məktəbinə daxil olur. Amma tale bu dəfə də onun üzünə gülmür. 2-ci kursda oxuyarkən onu məktəbdən çıxararlar. Təlimlərin birindən aldığı zədəni əsas gətirirlər. Amma sonradan məlum olacaqdı ki, atası türmədə olan və milliyyətcə azərbaycanlı birisinə təyyarə idarə etməyi belə etibar etmirmiş sovetlər birliyi. Amma çox yox, onca il keçəcək, bu gənc sovetlərin ideoloji işlərinə cəlb ediləcək, daha bir neçə ildən sonra ölkənin yeganə informasiya tribunası “Sovetinformbüro”nun baş redaktoru olacaq, bir qədər sonra isə SSRİ Teleradio Komitəsinin  rəhbərliyinə gətiriləcək, və nə az, nə çox, düz 25 il bu teleməkanı idarə edəcəkdi...

 

***

 

Amma bütün bunlara hələ vardı. Hələ 18 yaşlı, özü də Aviasiya məktəbi kimi prestijli bir yerdən əliboş qayıtmış bu gənci çox sürprizlər gözləyirdi. Hələ müharibə başlamamışdı. Hələ 41-ci il təzə girmişdi. Bakıda, İçərişəhərdəki evlərində gələcək üçün xəyallar qururdu. Atasını düşünürdü. Ölüsündən - qaldısından xəbəri olmadığı atasını. Elə sonacan onunu harada və necə olduğunu bilməyəcəkdi. Bir də 1949-da qara kağızı gələcəkdi türmədən anasına. Sadəcə bir cümlə: “Əriniz Məmmədov Nazim Rauf  oğlu vəfat edib”.

Vəssalam.

 

 

***

 

Müharibə başlayanda onu Zaqafqaziya cəbhəsinə göndərirlər. Hərbi təlimlər vaxtı məlum olur ki, 18 yaşlı bu cavan oğlan…sən demə poliqlot imiş. Bu barədə dərhal lazımi orqanlara məlumat verirlər. Çox keçmir ki, onu Moskvaya  çağırılar. Baş Kəşfiyyat İdarəsinə. Burada o, hərbi tərcüməçilik sahəsində intensiv kurs keçməliydi. Amma tezliklə SSRİ Xarici İşlər Komissarlığının diqqətini cəlb edir. Bir yandan müharibə gedir, hamı cəbhəyə can atır, bir yandan da cansıxıcı kurslar. “Məndən diplomat olmaz, xahiş edirəm məni cəbhəyə göndərin”. Ali Baş Komandana, Stalinə yazır bu sözləri. Aldığı cavab isə onu şoka salır… ”Sənə böyük etimad göstərilib. Bura da cəbhədir. Məmmədov, əgər, xidmət etmək istəmirsənsə, razı deyilsənsə, lap yaxşı, Sibirdə doğramağa hələ o qədər meşə var ki?”

 

Hər şeyi başa düşür. Hər şey aydın idi. Bu onun taleyi idi: Ənvər Nazim oğlu Məmmədovun…Elə bir tale ki, vaxt gələcəkdi, onu SSRİ kimi nəhəngi idarə edən rəhbərlərlə bir araya gətirəcəkdi, ölkənin ideoloji işinə cavabdeh birisi olacaqdı və günlərin bir günü, hətta Brejnevə belə üz göstərib deyəcəkdi, “mən xəstə adam haqda verilişi efirə buraxa bilmərəm”, dünyaca məşhur Sofi Lorenə elə bir rədd cavabı verəcəkdi ki, hələ də kluarlarda dolaşır, Qorbaçova isə heç nə deməyəcəkdi, sadəcə kabinetdəki əşyasını götürüb gedəcəkdi, “səninlə işləyə bilmərəm” deyə.

Bunlar hələ çox sonralar olacaqdı.  Və bunlardan da maraqlı xatirələri hələ oxuyacaqsınız.

Odur ki, bizimlə qalın.

Ardı olacaq.

(Bu yazı Səba Şirkətinin dəstəyi ilə hazırlanıb )

 

 

Səbuhi Məmmədli, Moskva