Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib. Bir sıra məsələlər haqda danışan M.Mirəlioğlu Milli Şuradan ayrılması haqda da qərarını açıqlayıb. Xeyli vaxtdır orada partiyasının deyil, bir neçə partiya üzvünün üzv olduğunu xatırladıb: “Bu gün münasibətlər bizim üçün də, Milli Şuranın özü üçün də əhəmiyyət kəsb edən məsələ deyil. Xeyli zaman öncə qurumun bizim qərargahda keçirilən sessiyasında məsələyə münasibət bildirdik. Milli Şuranın tərkibinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər oldu. O təkliflər zamanı belə qənaətə gəldik ki, tərkib kənar şəxslərlə genişləndirilsin. Amma təklif ediləndə bəlli oldu ki, genişləndirilmədə nəzərdə tutulan daha çox məlum partiyanın üzvləridir”.Əhməd Oruc: “AXCP-dən başqa orada cəmi bir neçə şəxs var”
Partiya sədri qeyd edib ki, bu kimi məsələlərdən sonra Milli Şurada iştirakına ehtiyac qalmadığını görüb: “Təklifimiz keçmirsə, yenilik yoxdursa, orada nə səbəbdən olmalıyıq? Milli Şura öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Artıq parlament seçkiləri ilidir. Milli Şuranın fəaliyyətini necə quracağı onların öz işidir. Bizim artıq Milli Şuralıq işimiz qalmayıb”.
KXCP üzvlərinin MŞ-nin mitinqinə qatılmasına qarşı olduğu barədə deyilənlərə də münasibət bildirən M.Mirəlioğlu belə iddiaların doğru olmadığını söyləyib: “Bizim şöbə sədrlərimiz var ki, mitinqlərdə iştirak edirlər, adamlar gətirirlər. Biz belə işlərə qadağa qoymamışıq. Heç kimə deyə bilmərik ki, sən niyə mitinqə getmisən?”
KXCP sədrinin dedikləri və hazırda MŞ-də mövcud vəziyyət haqda fikirlərini “Kaspi”yə açıqlayan Azadlıq Partiyasının sədri Əhməd Oruc dedi ki, partiya sədrinin verdiyi qərarın düzgün olduğunu düşünür: “Bu partiya onsuz da xeyli vaxtdır ki, oradan uzaqlaşıb. Ola bilsin, partiya üzvlərindən kimsə toplantılarda iştirak edib. Amma şəxsən Mirmahmud Mirəlioğlu qatılmırdı. Səhv etmirəmsə, o, 2014-cü ilin əvvəllərindən iclaslarda iştirak etmir. Doğru da edir. Çünki Şura üçün onların fikirləri heç bir əhəmiyyət daşımır. Hamı bilir ki, Milli Şura AXCP-nin əlindədir, digərlərinin orada heç bir söz demək haqqı yoxdur. Bundan əlavə, onsuz da o qurumun heç bir perspektivi yoxdur. Bu və digər səbəblər göstərir ki, orada qalmaq mənasızdır. Düşünürəm ki, onların bundan sonra heç bir gələcəyinin olmadığını özləri də bilirlər. Çünki mitinqə qatılanların sayını hamımız gördük. Hər dəfə daha az adam qatılır və sonuncu aksiya da əvvəlkindən daha sönük və az sayda adamla baş tutdu”.
Partiya sədrinin fikrincə, faktiki olaraq əhali tərəfindən dəstəklənməyən quruma üzv olmaqdansa, olmamaq yaxşıdır: “Təhlillər göstərir ki, bu cür aksiyalarla heç nəyə nail olmaq olmaz. Belə hallar heç milli maraqlara da uyğun gəlmir. Məlum məsələdir ki, Milli Şura 2013-cü ildə prezident seçkiləri öncəsi Rusiya tərəfindən yaradılıb və Azərbaycan hakimiyyətinə qarşı təzyiq, təhdid edilməsi üçün nəzərdə tutulmuşdu. Onlar Rusiya xüsusi xidmət orqanlarının nəzarəti ilə fəaliyyət reallaşdırırdılar. Putinin Bakıya səfərindən sonra bu proses dayandı. Biz o qurumun dövlət əleyhinə olduğunu bilirdik. Ona görə də o cür proseslərdə iştirakçı olmamaq üçün ilk gündən heç nəyə qatılmamağa qərar verdik. Azərbaycana qarşı təhdidləri nəzərə aldıq və milli maraqlardan çıxış edən partiya kimi belə məsələlərə qarşı olduq”.
Ə.Oruc indi də bu fikirdə olduğunu, MŞ-nın dövlətçilik əleyhinə fəaliyyətindən əl çəkmədiyini bildirdi: “Milli Şura təsis olunanda oraya Azərbaycan siyasi səhnəsinin tanınmış üzvləri qatılmışdı. Hazırda isə o şəxslərin böyük bir qismi qurumdan uzaqlaşıb. İndi orada yalnız AXCP qalıb. Faktiki olaraq bu gün Milli Şura adını çəkdiyim partiyanın dominantlığı altındadır. AXCP-dən başqa orada cəmi bir neçə şəxs var. İndi də həmin qüvvələr hakimiyyətə qarşı təzyiq elementindən başqa bir şey deyillər. Xatırladım ki, bir neçə aydır ölkədə normal bir proses başlayıb və hakimiyyətlə müxalifət arasında illərlə mövcud olmayan dialoq start götürüb. Qeyd edim ki, Azərbaycanda müxalifət və hakimiyyət nümayəndələrinin öz iradələri ilə bir araya gəlmələri ilk dəfədir. Onlar ölkədəki bir sıra problemləri həll etmək üçün bir masa arxasına əyləşiblər. Nəzərə alın ki, AXCP nümayəndəsi də həmin dialoqlara dəvət olunur, amma heç kim gəlmir. Onlar bu cür dialoqlarda iştirak edib konkret məsələlərlə bağlı mövqe bildirib, həmçinin hakimiyyətin həmin mövzulara münasibətini öyrənib mümkün addımları müzakirə etməkdənsə, heç bir nəticəsi olmayan mitinqlər keçirirlər. Stadiona gedib şüarlar səsləndirmək uğurlu addım deyil və faktiki olaraq heç nə əldə olunmur. Bu fakt Milli Şuranın siyasi proseslərə heç bir təsirinin olmadığını bir daha ortaya qoyur. Az sayda adamın iştirak etdiyi mitinq nəyə yarayır? Ona görə də bir daha məlum olur ki, həmin qüvvələrin əsas məqsədi Azərbaycandakı problemlərin həlli deyil. Onlar kiminsə sifarişini həyata keçirirlər. Hesabat verməli olduqları üçün zəif olacağını bilə-bilə mitinq təşkil edirlər. Ona görə də hesab edirəm ki, Milli Şura doğru mövqedə deyil. Prosesləri səhv istiqamətə yönləndirməyə çalışırlar. Azərbaycanın sabahını düşünən, milli maraqları unutmayan heç kəs onlara qoşulmaz. Ölkədə qarşıdurma yaranmamasına çalışan siyasi qüvvələrə isə şər-böhtan atır, hədyanlar yağdırırlar. Bu, doğru deyil və belə qurumu dəstəkləyən olmayacaq”.
Milli.Az