Gəncə, 8 aprel, AZƏRTAC
Gəncədəki “Odlar Yurdu” Gənclər İctimai Birliyinin nəzdində yeni “Odlar Yurdu - xaricdə təhsil konsultasiya mərkəzi”nin açılışı olub.
Şəhər icra hakimiyyətinin, Türkiyənin və Gürcüstanın Gəncədəki baş konsulluqlarının, mərkəzin əsas tərəfdaşı olan “East Office Azerbaijan” şirkəti nümayəndələrinin, eləcə də 100-dən artıq gəncin iştirak etdiyi açılış mərasimində xaricdə təhsil imkanları və müxtəlif proqramlarla bağlı təqdimatlar keçirilib.
Birliyin sədri Nigar Ələsgərova AZƏRTAC-a deyib ki, “Odlar Yurdu - xaricdə təhsil konsultasiya mərkəzi”nin yaradılmasında əsas məqsəd gənclərin təhsil imkanlarını genişləndirməklə onlara xaricdə təhsil almaq istiqamətində yol göstərmək, Avropa və digər ölkələrdə keçirilən təhsil proqramlarından yararlana bilmələrinə imkan yaratmaqdır.