Parisin Vlll rayonundakı "Rus dünyası" qalereyasında "Qadın incəsənəti" (Femme art) Assosiasiyasının təşkilatçılığı ilə Türkiyədən, Kiprdən və Gürcüstandan olan qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.

ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2015-ci il 2-5 aprel tarixində nümayiş olunan sərgidə ölkəmizi əsərləri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan əməkdar rəssam Əsmər Nərimanbəyova təmsil edib.

Sərgi dinamik xarakter daşımaqla yanaşı, mövzularının çalarlığına görə iştirakçılar tərəfindən maraqlaqarşılanır. Sərgidə 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Onların arasında Ə.Nərimanbəyovanın yağlı boya ilə çəkdiyi əsərlər tamaşaçılar tərəfindən daha böyük maraqla qarşılanmışdır.

Qeyd edək ki, "Qadın incəsənəti" Assosiasiyası 2007-ci ildə yaradılmış və Türkiyədə 12, digər ölkələrdə isə 5 şöbəsi vardır. "Qadın incəsənəti" müxtəlif millətlərin rəssamlıqla məşğul olan yaradıcı qadınlarını öz ətrafında birləşdirib. Hazırda 28 ölkədən qadın rəssam Assosiasiyanın üzvüdür. Assosiasiyanın məqsədlərindən biri də rəssamların təmsil etdikləri ölkələri dünyaya tanıtmaqdan ibarətdir.




Mənbə
ANS PRESS