Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində (DGK) ölkəmizdə səfərdə olan Kamerun Gömrük İdarəsinin baş direktoru xanım Li Likenq Minette Mendomo Avumvele Libomun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan ilə Kamerun arasındakı həm iqtisadi, həm də siyasi əlaqələrdən söhbət açıb. O, ölkələrimiz arasında gömrük sahəsində də qarşılıqlı əməkdaşlığın qurulmasının vacibliyini bildirib və kamerunlu həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Gömrük xidmətinin tarixinə, keçdiyi inkişaf yoluna diqqəti çəkən komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan söhbət açıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik və maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Gömrük Təşkilatı (DGT) ilə qarşılıqlı əlaqələrinə də toxunan DGK sədri əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, artıq DGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, cari ilin sentyabrında 10-cu Beynəlxalq PICARD konfransının da Bakıda keçiriləcəyini deyib.
Xanım Li Likenq Minette Mendomo Avumvele Libom Kamerun ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Qonaq həmçinin qeyd edib ki, Kamerun Azərbaycanın gömrük xidməti sahəsindəki təcrübəsini öyrənmək və mənimsəmək niyyətindədir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Kamerun nümayəndə heyəti Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, bu layihə BMT İnkişaf Proqramı tərəfindən Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi üçün yaradılıb. Mərkəzin məqsədi - ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir.