Bakı. 5 aprel. REPORT.AZ/ “Normandiya dördlüyü” (Ukrayna, Rusiya, Fransa və Almaniya) ölkələrinin Xarici işlər nazirlərinin növbəti görüşü zamanı Ukraynanın şərqində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi mövzusu müzakirə olunacaq.
"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
O, qeyd edib ki, rəsmi Kiyevin sülhməramlı qüvvələrlə bağlı təklifi ilkin mərhələdə xarici liderlər tərəfindən dəstəklənməyib. Çünkü bu məsələ Minsk razılaşmalarında nəzərdə tutulmamışdı. Lakin Ukrayna diplomatiyasının aktiv səyləri nəticəsində dünya ictimaiyyətinin məsələ ilə bağlı mövqeyi dəyişib.
"Sülhməramlılar atəşkəs bölgəsi ilə yanaşı Ukrayna-Rusiya sərhədində də yerləşdirilməlidir. Razılaşmaların həyata keçirilməsinə isə ATƏT nəzarət edməlidir", - deyə Poroşenko məlumat verib.
Qeyd edək ki, Ukrayna, Rusiya, Fransa və Almaniya XİN başçılarının növbəti görüşünin dəqiq vaxtı hələlik məlum deyil. Son dəfə belə bir görüş fevralın 24-də Parisdə baş tutmuşdu.