Bakı,4 aprel, AZƏRTAC
Xəbər verdiyimiz kimi, aprelin 7-də “100 kağız” filmi geniş auditoriyaya təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə filmin yaradıcı heyəti Nizami Kino Mərkəzində mətbuat konfransı keçirib.
Filmin rejissoru Şahin Zəkizadə bildirib ki, ideyası 14 il əvvəl yaranan bu filmin tragikomediya janrındadır. Çəkilişi 21 günə tamamlanan ekran əsərinin montajı və səslənməsinə 4 ay vaxt sərf olunub. O, səhnədə öz sözünü demiş aktyor heyətinə təşəkkürünü bildirib.
Filmin süjet xəttindən söz açan rejissor bildirib ki, ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.
“Dinamik və sentimental məqamlar ekran əsərində bir- birini əvəzləyir. Bəşəriyyət durduqca insanın maddiyata ehtiyacı olacaq və pul daima dövriyyədə qalacaq. Ona görə də biz sloqan olaraq “100 kağız kimə qismət olacaq?!” fikrini seçmişik”-deyə , rejissor vurğulayıb.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.
Qeyd edək ki, filmin baş prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri Aqil Adiloğlu, quruluş və geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodır.
Ekran əsrində əsas rolları xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov və başqaları canlandırıblar.