Naxçıvan, 4 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə universitetin iqtisad fakültəsində YAP sıralarına öz ərizələri əsasında üzv qəbul olmaq istəyən tələbələrlə sorğu-sual aparılıb. Sorğu-sualı keçirməkdə məqsəd YAP sıralarına bilikli və dünyagörüşlü tələbələrin üzv qəbul olunmasına kömək göstərməkdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, keçirilən sorğu-sualda universitetin iqtisad fakültəsinin 23 tələbəsi iştirak edib. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının, eləcə də YAP Naxçıvan Muxtar Respublika və Naxçıvan şəhər təşkilatlarının nümayəndələrindən ibarət birgə komissiyanın üzvləri tərəfindən tələbələrə YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu həmçinin ümumi dünyagörüşünə aid suallar verilib. Komissiya üzvlərinin birgə qərarı ilə verilən sualları yaxşı cavablandıran tələbələrin ərizələri qəbul olunub.
Qeyd edək ki, Yeni Azərbaycan Pariyasına üzv olmaq istəyən gənclərin sayı durmadan artır. 2014-2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 600-dən çox tələbəsi partiya sıralarına üzv olmaq üçün YAP Universitet şəhərciyi ərazi ilk təşkilatına ərizə ilə müraciət edib.
