Vaşinqton, 4 aprel, AZƏRTAC
Nyu-York Universitetinin nüfuzlu Stern Biznes Məktəbində ənənəvi “Pasport günü” keçirilib. Tələbələr öz ölkələrinin mədəniyyət və ənənələrini təqdim ediblər. Bu ali təhsil ocağının dekan və professorlarının, yüzlərlə tələbə və məzununun, habelə Nyu-Yorkun işgüzar dairələrinin nümayəndələrinin qatıldığı tədbir çərçivəsində müxtəlif ölkələrdən olan tələbələr öz milli yeməklərini, milli musiqinin müşayiəti ilə ənənəvi geyimlərini nümayiş etdiriblər.
Stern Biznes Məktəbinin tələbələri arasında Azərbaycanın nümayəndəsi Rena (Ağayeva) Köninq də olub. O, həyat yoldaşı Skott Köninq və Kolumbiya Universitetinin tələbəsi Nərgiz Quliyeva ilə birlikdə Azərbaycan milli kostyumlarında çıxış edib. Onlar qonaqlara mədəniyyətimizdən, adət-ənələrimizdən söz açıblar. Azərbaycan qrupunun təqdim etdiyi milli yeməklər başqa yeməklər arasında daha çox xal toplayıb. Azərbaycanın turizm və sahibkarlıq imkanları haqqında infiormasiya alan qonaqlar ölkəmizə səfərə gəlmək arzusunda olduqlarını bildiriblər.
Stern Biznes Məktəbi dünyanın ən mötəbər ali təhsil ocaqlarından biridir. Məktəb 1900-cu ildə Nyu-York Universiteti nəzdində yaradılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton