Bari, 3 aprel, AZƏRTAC
İtaliyanın Puliya regionunun Bari şəhərində “Aralıq dənizi və Xəzər regionu: Via Egnatia və İpək Yolu üzərində biznes əməkdaşlığı üçün yeni alyans və yaranmaqda olan imkanlar” mövzusunda konfrans keçirilİb.
İtaliyanın Asiya və Aralıq dənizi İnstitutunun (ISAMED), Aldo Moro Bari Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov, Albaniyanın iqtisadi inkişaf, turizm, ticarət və sahibkarlıq nazirinin müavini Brunilda Paskali, Albaniyanın İtaliyadakı səfiri Neritan Çeka, Puliya regional şurasının prezidenti Onofrio Introna, İtaliyanın keçmiş xarici işlər nazirinin müavini Uqo Intini, Kalabriya regionunun regional müşaviri Vinçenzo Paskua, Bazilikata regionunun regional müşaviri Mario Polese, Bari Sənayeçilər İttifaqının (Confindustria) prezidenti Angelo Mikele Vinçi, Bari Ticarət Palatasının prezidenti Alessandro Ambruozi, elm və iş adamları, yerli icmanın nümayəndələri iştirak ediblər.
Səfir V.Sadıqov çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti, tarixi aspektləri, qədim İpək Yolunun bu əlaqələrin inkişafındakı rolundan danışaraq, ölkələrimiz arasında əməkdaşlığın perspektiv sahələri, münasibətlərimizin inkişaf etdirilməsi üçün mövcud imkanlar barədə iştirakçılara geniş məlumat verib. Bildirib ki, hazırda Azərbaycan ilə İtaliyanın bir çox regionları, o cümlədən Puliya ilə qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Bari
