Bakı, 3 aprel, AZƏRTAC
Çexiyalı 28 yaşlı dağ velosipedi idmançısı Tereza Hurikova son iki ildə ABŞ-ın “İxtisaslaşmış yarış” velosiped komandasının tərkibində çıxış edib. Müqaviləsi başa çatdıqdan sonra T.Hurikova idmanın bu növünü dəstəkləmək üçün yenidən doğma vətəninə qayıdıb.
AZƏRTAC xəbər verir ki, T.Hurikova “ktualne.cz” saytına müsahibəsində bildirib: “Mən “İxtisaslaşmış yarış” komandasında geniş təcrübə əldə etdim. İndi Çexiyada velosiped idmanının inkişafı və populyarlaşması üçün səy göstərmək istəyirəm”.
T.Hurikova dağ velosipedi üzrə ən güclü çex idmançılarından biridir. Atlet idmanın bu növünə diqqəti cəlb etmək üçün böyük yarışlarda iştirak etmək istəyir. O, “Bakı-2015” Avropa Oyunlarının yarışlarında qələbə qazanmaq və daha sonra yay aylarında keçiriləcək qitə çempionatına qatılmaq niyyətindədir.
T.Hurikova yalnız enişli-yoxuşlu ərazilərdə təşkil olunacaq yarışlara qatılmağı planlaşdırır və “Rio-2016”ya lisenziya qazanmaq istəyir. O qeyd edib ki, Çexiya Velosiped Assosiasiyasının dünya reytinq cədvəlinə əsasən, dağ velosipedçiləri üçün 1-i qadın və 1-i kişi olmaqla yalnız iki yeri vardır. Lakin il ərzində bu, dəyişə bilər. Amma digər velosipedçi Katerina Naş da Braziliyaya yollanmaq istəyir. Ona görə də mühüm yarışlarda mümkün qədər daha çox xal toplamaq lazımdır.
Bütün bunlara baxmayaraq, çexiyalı velosipedçi özünə güvənir: “Mən inanıram ki, yarışlarda fəxri kürsünün yüksək pillərində yer tutmaqla və Olimpiya Oyunlarına lisenziya qazanmaqla arzularımı gerçəkləşdirəcəyəm.