"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə sosial şəbəkələrdə qlobal reklam xərclərinin 75 faizi “Facebook”un payına düşüb. 2014-cü ildə 1,2 milyard dollar qazanmış “Twitter”in payı 8 faiz təşkil edib.
“Strategy Analytics”in analitiklərinin proqnozuna görə, cari ilin sonuna sosial mediada dünya reklam bazarının həcmi 19.8 milyard dollara və 2016-cı ilin sonuna 24,2 milyard dollara çatacaq.
Tədqiqat şirkətinin hesabatına əsasən, 2014-cü ildə sosial şəbəkə istifadəçilərinin sayı ilk dəfə 2 milyard nəfəri ötüb. Onların 68 faizini “Facebook”un auditoriyası təşkil edir. Sosial şəbəkə istifadəçilərinin 25 faizi Çində yaşayır.
Hesabatın digər nəticələri aşağıdakılardır:
- Sosial şəbəkə istifadəçilərinin təxminən 46 faizi Asiya-Sakit okean regionunda yaşayır.
- 2014-cü ildə Şimali Amerikada sosial şəbəkə istifadəçilərinin sayı ilə ölkə əhalisi arasında nisbət 64 faiz təşkil edib.
- Sosial media seqmentində dünya reklam xərcləri üzrə ən yüksək göstərici ABŞ-ın payına (41 faiz) düşüb.
- Böyük Britaniya sosial media seqmentində reklam həcminə görə ikinci bazardır.
- 2015-ci ildə dünyada sosial şəbəkə istifadəçilərinin sayı 2,2 milyard nəfərədək artaraq dünya əhalisinin 31 faizini təşkil edəcək.
- 2019-cu ilin sonuna bu göstərici 2,72 milyard nəfərədək artaraq planetin əhalisinin 36 faizini təşkil edəcək.
Emil Hüseynov