Sinif otağının qapısını açıb parta arxasında ahıl rus qadınlarını görüncə, bir qədər karıxan kimi oldum. Arxadakı boş partaya keçərkən qadınlardan biri şəhadət barmağını dodağına yaxınlaşdırıb səssiz oturmağım üçün işarə etdi.“Azərbaycan dilini öyrənirəm” layihəsi rusların Ana dilimizə marağını xeyli artırıb
Yerimi rahatlayıb bir qədər maraq, bir qədər təəccüb, bir qədər də heyrət qarışıq nəzərlərlə sinif otağını və qocaları diqqətlə süzürəm. Adi dərs otaqlarından heç də fərqlənmir sinif otağı – küncdə piano, kitab şkafı, partalar, yazı lövhəsi, divarı bəzəyən həvəskar rəsmlər... Təkcə şagirdlər fərqlidir - ənənəvi orta məktəb şagirdləri və ali məktəblərin auditoriyasındakı tələbələr deyillər. Bu auditoriyanın sakinləri ahıllardır - oxumağa, öyrənməyə həvəslərini itirməyən qocalar... Ən maraqlısı isə budur ki, onlar Ana dilimizi öyrənirlər.
Bilik Fondunun Bakıdakı kilsələrdə ruslar üçün həyata keçirdiyi “Azərbaycan dilini öyrənirəm” layihəsi çərçivəsində keçirilən dərsləri doğrudan da maraqlı ideya kimi dəyərləndirmək olar. Məsələn, keçən il Rusiyada yaddaş pozğunluğundan əziyyət çəkən yaşlı insanlar üçün kitabxanaların yaradılması, ingilis dili kurslarının təşkil olunması ilə bağlı yazı hazırlayarkən heç ağlıma da gəlməzdi ki, bizim rus qocaları üçün də bu kimi, amma daha əhəmiyyətli bir layihə həyata keçiriləcək və onlar da parta arxasında oturub yaddaşlarını çözə-çözə Azərbaycan dilini öyrənmək istəyəcəklər. Sonsuz həvəslə, məhəbbətlə...
Əlbəttə, ruslara Azərbaycan dilinin öyrədilməsi ideyasının necə yaranması maraqlıdır. Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, layihə çərçivəsində dərslərə bu ilin fevral ayından start verilib. Hal-hazırda 6 qrup üzrə 55 nəfər dərslərə cəlb edilib. Ümumilikdə isə 35 dərs keçirilib. Hər qrupda dərslər həftədə 2 dəfə olmaqla 6 ay davam edəcək: “Bu günə qədər fonda 190 müraciət daxil olub. Dərslərə maraq göstərənlər yenə də zəng edirlər. Digər müraciət edənlərin isə qrafik üzrə kurslara cəlb olunması həyata keçiriləcək”.
C.Musaoğlunun dediyinə görə, dinləyicilər Azərbaycan dilini başlanğıc səviyyədən başlayaraq öyrənirlər: “Azərbaycan dilinin öyrədilməsində əsas məsələlərdən biri də dinləyiciyə azərbaycançılıq məfkurəsini, dövlətçiliyimizi, milli-mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir. Onları Milli Dram Teatrında tamaşalara aparmışıq”. Həmçinin dinləyicilərin Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə, ölkənin müxtəlif tarixi yerlərinə və muzeylərə ekskursiyaları nəzərdə tutulur.
“Hamınız bu gün əlaçısınız”
Zərgərpalan küçəsi, 38 ünvanında yerləşən qədim kilsədə keçirilən dərsdə ahılların Ana dilimizə olan maraqlarını duyduqca sevinirəm. Bu mehriban, səmimi insanların qocalığa təslim olmamaq istəyini isə heyranlıqla seyr edirəm.
Lövhənin yanından asılan Azərbaycan əlifbasının hərflərini hər biri dəftərinə köçürüb. Ana dili və ədəbiyyat müəllimi Təranə Rzayevanın lövhədə yazdığı “bacarıqlı”, “xoşbəxt”, ”şən”, “tələbə” sözlərinin mənsubiyyət və şəxsə görə dəyişməsi ilə bağlı sualına maraqlı cavablar eşidilir. Tələbələr sözləri 1-ci və 2-ci şəxsə görə hallandırırlar. Müəllimə “tələbə” sözünün 1-ci şəxsə görə necə hallandırılmasını soruşunca Valentina “tələbəyəm” deyir. Nurlana “bacarıqlıyam” sözünü çətinliklə tələffüz edir. Raisa “xöşbəxtəm” əvəzinə “xöşbəxtsən” deyir. Onlar Azərbaycan dilində səslənən əksər sözlərin mənasını başa düşür və rus dilinə çevirirlər. Hətta yerlərindən bir-birinə kömək etmələri, müəllimin onlara arabir göz ağartması, qocaların isə utanaraq başlarını aşağı salmaları müəllim-şagird münasibətlərinin öz ənənəvi dəyərini itirmədiyini bir daha sübut edir. Dinləyicilərin hər birinin yaşı az qala 70-i ötüb. Hətta aralarında 87 yaşı olan dinləyici də var. Nina, Valentina, Lyuda, Nurlana, Raisa – sanki lap uşaq kimi həvəs göstərir, fərqlənməyə çalışırlar. Ana dilimizin sözləri onların dilində şirin ləhcə ilə səslənir. Qrupun ən qocaman tələbəsi - 87 yaşlı Lyuda isə daha maraqlı təsir bağışlayır. Deyilənə görə, bütün qruplarda keçilən dərslərə qatılır.
Dərsin sonunda müəllimə razılığını gizlətmir. “Siz hamınız bu gün əlaçısınız. Siz bu gün məni xoşbəxt etdiniz”, - deyə sevinclə söylənir. Ev tapşırığından sonra müəllimə tələbələrinə tövsiyəsini verməyi də unutmur: “Siz hər yerdə danışmağa çalışın - mağazada, avtobusda. Danışmaqdan çəkinməyin, qoy diliniz alışsın”. Müəllimə hələlik tələbələrinə qiymət yazmadığını da qeyd edir: “Daha ciddi mövzular keçincə onları qiymətləndirəcəm. Bu, onlar üçün stimul olacaq. Yəqin ondan sonra yaxşı qiymət almaq üçün də çalışacaqlar”.
Dinləyicilərin öz dilindən Ana dilimizi öyrənmək istəklərini eşitmək isə daha maraqlıdır. Nurlana xanım dili öyrənməyin çətinliyini də gizlətmir. Onlara dərs vəsaiti kimi verilən və Şəmil Sadıqovun müəllifi olduğu “Azərbaycan dilini öyrənirəm” dərsliyi haqqında: “Kitab Azərbaycan dilindədir, biz isə hələ dili tam başa düşmürük. Yaxşı olardı ki, həm Azərbaycan, həm də rus dilində olsun”, -deyə qeyd etdi. Üç nəslinin – nənəsi, anası və özünün Azərbaycanda yaşadığını bildirən Nurlana xanım indiyə qədər Azərbaycan dilini öyrənməməsini təəssüflə dilə gətirir: “Azərbaycan dilini öyrənmək həmişə böyük arzum olub. Amma məktəbdə pedaqoqların səhvi olub ki, dili öyrətməyiblər. Mən 160 saylı məktəbi bitirmişəm. Orda bizə Azərbaycan dilini tədris etmədilər. Amma əslində biz Azərbaycanda yaşadığımız üçün keçməli idilər. Görünür, qismətimizə bu yaşda öyrənmək yazılıb”.
Marağımı boğa bilməyib: “Tutaq ki, öyrəndiniz, harada istifadə edəcəksiniz?”, - deyə soruşuram. “Hər yerdə. Azərbaycan dilində kitab oxuyacam. Televiziyada verilişləri izləyəcəm. Ətrafdakı insanlarla danışacam. Axı mən bu ölkənin vətəndaşıyam”, - deyə Nurlana xanım cavab verir.
Qocalar bu yaşda dərsə gəlmələrindən bir az utandıqlarını da gizlətmirlər: “Birdən gənclər bizə iradla yanaşarlar. Amma bu bizim təqsirimiz deyil ki, indiyə qədər Azərbaycan dilini öyrənə bilməmişik. Gərək bunun üçün əvvəldən şərait yaradılaydı. Amma yenə də gec deyil...”
Onlar öyrənmək istəyirlər
Ana dili və ədəbiyyat müəllimi Təranə Rzayeva ilə söhbətləşərkən ahıl tələbələrin dilimizi öyrənməyə böyük həvəslərinin olduğunu öyrənirəm: “İki qrupda dərs keçirəm. Hər qrupda 8 dinləyici var. Əsasən yaşlı nəslin nümayəndələridir. Buna baxmayaraq, dərslərə çox həvəslə yanaşırlar. Vaxtlı-vaxtında dərsə gəlir, ev tapşırıqlarını yerinə yetirirlər”.
Müəllimə deyir ki, dinləyicilər arasında görmə qabiliyyəti zəif, eşitmə problemi olanlar da var: “Aydın məsələdir ki, onlar artıq cavan deyillər. Ancaq həvəsləri cavanların həvəsinə bərabərdir. Lazım olanda lövhədə iri hərflərlə yazırıq ki, yaxşı görsünlər. Bəzən ucadan danışmaq, dəftərlərinə qeyd etmək lazım gəlir. Bütün bunları ona görə edirik ki, onlar öyrənmək istəyirlər”. Valentina şikayətlənir ki orta məktəbdə oxuduğu illərdə Azərbaycan dilini keçməyib: “Uşaq vaxtı bağçaya gedirdik. Rus bağçası idi. Orda Azərbaycan dilini öyrənə bilmədik. Kim ki azərbaycanlılarla bir həyətdə yaşayırdı, onlar az-çox öyrənirdilər. Çünki əhatələri vardı. Əgər mən iş yerində rusca danışırdımsa, məktəbdə yalnız rus dilində keçmişdimsə və azərbaycanlı qonşum və tanışım yox idisə, necə öyrənə bilərdim? Bakı beynəlmiləl şəhər olub. Bu şəhərdə çoxlu millətlər yaşayıb. Rus dili onları birləşdirirdi. Ancaq burada yaşayan millətlər Azərbaycan dilini də bilməli idilər”.
Müəllimə ahıllarla işləməyin daha çətin olduğunu deyir. Belə ki, onlarla işləməyə daha çox enerji tələb olunur. “Bəzən bir sözü 3-4 dəfə demək lazım gəlir. Amma əgər onlar istəyirlərsə, bizim borcumuzdur ki, onları öyrədək. Sonra deməsinlər ki, biz öyrənmək istədik, bizi öyrətmədilər. Nəticə ilə bağlı danışmaq isə hələ tezdir. Əsas odur ki, onlar həvəslə öyrənməyə çalışırlar və dərslərə davam edirlər”.
Ana dilimizin hər addımbaşı – efirlərdə, sosial şəbəkələrdə, media orqanlarında, reklamlarda və s. pozulduğu bir vaxtda dilimizin başqa millətlər tərəfindən öyrənilməsinə olan cəhdlər doğrudan da təqdirəlayiqdir. Bu, Ana dilimizlə, onu sevmək və sevdirməklə bağlı təbliğatın gözəl formasıdır. Başqa millətlərin dilindən “Azərbaycan dilini öyrənirəm” sözlərini eşitməkdən gözəl nə ola bilər?
Kaspi.az





