Ermənistanda çörək istehsalının azalmasının səbəblərini müəyyən etməyə çalışırlar. Erməni KİV-ləri yazır ki, yanvar-fevral aylarında çörək istehsalı 1,7% azalıb.

Erməni ictimaiyyətinin təlaşı aydındır, çünki çörək əhalinin istehlak etdiyi ən vacib ərzaq məhsuludur. Onun artması və ya azalması müəyyən amillərlə bağlıdır.

İrəvan başbilənləri guya çörək istehlakının azalmasının əsas səbəbini bilmirlər və özlərinə təskinlik üçün müxtəlif versiyalar uydururlar.

Birinci versiya kimi ortaya əhalinin avropalılar kimi daha az çörək istehlakına keçidi atılır. Amma bu versiya elə ilk başdan erməni ekspertlərinin özü tərəfindən rədd edilir. Adətən, əhalinin rifahı yaxşılaşdıqca onun qida rasionu da zənginləşir və çörəyi az istehlak etməyə başlayır. Bu isə son aylarda Rusiyadan gələn transfertləri 35 faizdən çox azalmış, buna görə də xeyli yoxsullaşmış Ermənistan əhalisinə uyğun gəlmir. "Bu versiyanı kənara qoyaq, çünki həqiqətə heç uyğun gəlmir",- deyə erməni ekspertlər vurğulayırlar.

İkinci versiya isə çörək istehsalının bir qisminin "kölgə" iqtisadiyyatı fəzasına keçirilməsidir. Yəni ölkədə korrupsiya artır və hökumət bunun qarşısını ala bilmir. Əslində, Ermənistanın indiki vəziyyətində bu versiya da ağlabatan deyil. Ermənistanın kiçik biznesi daima üzərlərinə qoyulan vergi yükünün şişirdilməsindən şikayət edir. Yəni oliqarxlara əli çatmayan hökuməti büdcəni kiçik və orta biznes təmsilçilərinin hesabına doldurmaq istəyir.

Üçüncü versiya isə erməni ailələrinin evdə çörək bişirməsi ilə bağlıdır. Ermənistanda əhalinin 70 faizdən çoxu şəhərlərdə yaşayır və qazın qiymətinin çox yüksək olduğu bu ölkədə heç bir şəhər ailəsi çörəyi evdə bişirməz.

Erməni ekspertlər dördüncü versiya kimi çörək alanların sayının azalmasını irəli sürür. Və əksər ekspertlərin fikrincə, çörək istehsalının azalmasına ildən ilə artan köç səbəb olur. Erməni ekspertlər çörək istehsalının iki ayda 800 ton azaldığını bildirirlər ki, bu da çörək alıcılarının sayının 30 min azalması deməkdir. Və bu, Ermənistan miqrasiya xidmətinin təqdim etdiyi köç rəqəminə uyğun gəlir. Miqrasiya xidməti bildirir ki, ildə Ermənistanı təxminən 50 min adam tərk edir. Bunun 30 mini şəhərdə yaşadığından çörək istehsalı göstəricisinə təsir göstərir, 20 min adam isə yəqin ki, kəndləri tərk edib.
Mənbə
ANS PRESS