Bakı, 1 aprel, AZƏRTAC
Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu, vitse-prezidenti Reyner Hard və qurumun katibi Sabine Colombe Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olublar.
ATM-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsud qurumun fəaliyyəti barədə qonaqlara məlumat verərək deyib: “Tərcümə Mərkəzinə verilən bu yüksək status Prezident İlham Əliyevin dil və tərcümə işinə verdiyi önəmin təzahürüdür. Mərkəz bu statusla artıq 6 aydır fəaliyyət göstərir və bu müddətdə “Tərcümə Mərkəzinin kitabları” seriyasından 9 kitab işıq üzü görüb, həftəlik “Aydın yol” qəzeti, rüblük “Xəzər” dünya ədəbiyyatı jurnalı nəşr olunub. Mərkəzin vebsaytı 8 dildə yayımlanır. Ölkə üzrə ən böyük tərcümə müsabiqəsi olan “Də(f)inə yarpağı” keçirilib. Yaxın günlərdə açıqkitab.az adlı elektron kitabxanamız oxucuların ixtiyarına veriləcək. Mərkəzin mətbu orqanlarının saytları da fəaliyyət göstərir. Tərcümənin tədrisinə dair Gənc Tərcüməçilər Assosiasiyası ilə birgə monitorinqlər təşkil etmişik. Biz həm də ölkə universitetlərində Azərbaycan dilinə tərcümə edilməsi vacib bilinən yüzlərlə dərsliyin kataloqunu tərtib etmişik. Bu siyahını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə müzakirə edib, həmin dərsliklərin tərcüməsinin həyata keçirmək niyyətindəyik. Mərkəzin nəşr etdiyi ədəbiyyatların kataloqu mütəmadi olaraq 5 dildə çap edilir. Bu altı ay ərzində mərkəz dünyanın ən aparıcı kitab sərgilərində iştirak edib. Yaxın günlərdə London Beynəlxalq Kitab sərgisinə getməyə hazırlaşırıq. Görülən işlər çoxdur. Bu barədə ətraflı məlumatı bizim vebsaytımızdan da ala bilərsiniz”.
Görüşdə fikirlərini bölüşən doktor Henri Liu bildirib ki, mərkəzin fəaliyyəti barədə eşitdikləri onda xoş təəssürat oyadıb. “Кataloqunuzdan da görünür ki, böyük və ciddi işlər görmüsünüz. İnsanı heyrətə gətirən məqam həm də odur ki, bu qədər uğura cəmi 6 ay ərzində nail olunub. Təqdirəlayiq haldır ki, siz tərcümənin tədrisi məsələsindən başlayaraq, tərcüməçiliyin peşəkarlıq problemlərini əhatə edən geniş fəaliyyətlə məşğulsunuz. Tərcüməyə baza səviyyəsindən – yəni təhsildən başlamağınız olduqca uğurlu addımdır. Dövlətinizin başçısı İlham Əliyevin rəhbərlik etdiyiniz mərkəzə belə bir status verməsi isə, onun, ölkənin dil və tərcümə sahəsinə olan ciddi münasibətinin göstəricisidir. Biz xalqları və ölkələri onların dili, ədəbiyyatı ilə tanıyırıq. Bu mənada tərcümənin, xalqlar və ölkələr arasında ədəbi-mədəni körpülərin, bağlantıların qurulmasında önəmli rolu var ”,-deyə Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti vurğulayıb.
O, ATM-i Beynəlxalq Tərcüməçilər Federasiyasının 2017-ci ildə Avstrаliyada keçiriləcək növbəti konqresində iştiraka dəvət edib.