31 Mart -Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Gəncədə fəaliyyət göstərən ali məktəblərdə anım tədbirləri keçirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, tədbirlərdə erməni vəhşilərin tarixən xalqımızın başına gətirdiyi amansız qırğınlar və həyata keçirdikləri soyqırım aktları barədə tələbələrə geniş məlumat verilib.

Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan anım tədbirində ali təhsil ocağının müəllim və tələbə heyəti ilə yanaşı, şəhər ziyalıları da iştirak ediblər. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, ermənilər tərəfindən həyata keçirilən 31 Mart soyqırımı bəşər tarixində baş verən ən qanlı faciələrdən biri kimi tarixə düşüb. Bu gün ermənilərin törətdikləri bu vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması üçün bütün vasitələrdən istifadə olunduğu və bu işdə gənclərin üzərinə böyük iş düşdüyü diqqətə çatdırılıb. Bildirilib ki, erməni vandalizmi və “Böyük Ermənistan” iddiası uğrunda ermənilərin ağlasığmaz vəhşiliklərə hazır olduğu bütün dünyaya bəyan edilməlidir.

İbrahim Cəfərov -  ADAU-nun rektoru: “Azərbaycan Dövlət Aqrar Universiteti olaraq gənclərimizi elə tərbiyə etməliyik ki, onlar daim düşmənə nifrət etsinlər. Bu qan yerdə qalmamalıdır, biz bu qanı almalıyıq”.

Anım tədbiri Gəncə Dövlət Universitetində də keçirilib. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar universitetin müəllim və tələbələri çıxış ediblər. Qeyd olunub ki, xalqımızın başına gətirilən bu amansızlıq hər bir azərbaycanlının qan yaddaşına həkk olunmalıdır.

Tədbirin davamında soyqırıma həsr olunan videoçarx nümayiş etdirilib,  tələbələrin ifasında şeirlər söylənilib.

Milli.Az