Lənkəran, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 30-da Lənkəran şəhərində “Azərbaycanda insan alveri qurbanlarının, potensial insan alveri qurbanlarının müəyyən edilməsi və onlara kömək edilməsi üzrə potensialların artırılması” layihəsinin başa çatması münasibətilə jurnalistlər üçün mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı və ABŞ-ın Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin yekun tədbirində cənub bölgəsində fəaliyyət göstərən KİV-lərin təmsilçiləri iştirak ediblər.
Mətbuat konfransında çıxış edən layihənin sosial eksperti Afiq Məlikov bildirib ki, bu ilin yanvar ayından etibarən Lənkəran şəhərində yerləşən “Cənub” Regional Televiziya Şirkətində layihə çərçivəsində “İnsan alveri, onun səbəb və formaları, cəlbetmə yolları və qanunvericilik”, “İnsan alveri kontekstində ailə münasibətləri, erkən nikahlar və ailədaxili zorakılıq”, “İnsan alveri qurbanlarının problemləri, onların inteqrasiya və reinteqrasiya mexanizmləri”, “İnsan alveri kontekstində qadınlar, gənclər, gənc ailələr və digər risk qrupları üçün hüquqi, psixoloji, tibbi və digər yardım formaları”, “Miqrasiya, səbəblər və formalar, viza və deportasiya anlayışları və hüquqi baza” və “Məcburi əmək qurbanları və potensial qurbanlara birbaşa yardımın göstərilməsi” mövzusunda ictimai debatlar təşkil edilib.
İctimai müzakirələr zamanı hüquqşünas, psixoloq, sosial ekspert və aidiyyəti sahələr üzrə müxtəlif qonaqların fikir və rəyləri dinlənilib, suallar cavablandırılıb.
Tədbirdə çıxış edənlər layihənin icrası istiqamətində görülən işlərdən danışıblar.
Sonda iştirakçılara layihə ilə bağlı hazırlanmış bukletlər və vərəqələr paylanılıb.