Bakı. 30 mart. REPORT.AZ/ Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib. “Report”un məlumatına görə, hadisə bu gün səhər Göyçay-Ucar yolunun 6-cü kilometrliyində qeydə alınıb. Qəza zamanı Ucar rayon sakini 1973-cü il təvəllüdlü Fərhad Abdullayevin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili yolun kənarına çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində sürücünün həyat yoldaşı 1982-ci il təvəllüdlü Lamiyə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Lamiyə Abdullayeva “Təcili yardım”avtomobili vasitəsi ilə Göyçay Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Avtomobilin sürücüsü Fərhad Abdullayev aldığı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Hadisənin havanın yağıntılı olması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.