[ 30 Mart 2015 11:16 ]



Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi növbəti dəfə Qubaya həsr olunacaq.

 

APA-nın məlumatına görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Quba rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə aprelin 6-da S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək.

 

Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin tarixini və regionların adət-ənənələrini əks etdirən dekorativ-tətbiqi sənət ustalarının əl işləri sərgilənəcək, bölgənin turizm imkanları təbliğ olunacaq, incəsənət ustalarının konserti təşkil ediləcək.

 

Aprelin 21-də Şəki, il ərzində isə Lənkəran və Gəncə şəhərlərinin, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının mədəniyyətini əks etdirən tədbirlər keçiriləcək. Tədbirlərdə hər bir regionun qədim tarixi, ənənələri, incəsənət nümunələri təqdim olunacaq.