Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”in 23-cü sayını təqdim edir.
 
Bayramla əlaqədar rubrikamızı bir həftə sizə təqdim etməsək də, tərifləmək olmasın, amma yaxşı xəbərlərimiz var. Öz aramızdır, lap alverçi stilində anons oldu ha. Başladıq...
 
Hələ indiyədək görməmişəm ki, xarici vətəndaşla, xüsusən də Türkiyə türkləri ilə ailə quran azərbaycanlı xanımların evliliyi beş ildən artıq çəksin. Bircə yadımda qalan əməkdar artist Məlahət Abbasovadır. Səhv etmirəmsə, iyirmi ilə yaxındır ki, qardaş ölkə nümayəndəsi ilə evlidir, iki övladı var. Sözümün canı odur ki, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karelin evliliyi sona çatıb. Daha doğrusu, özləri çatdırıblar. 
 
Günay İbrahimli verilişlərin birində deyib ki, evi də, maşını da bankda kreditdədir. Bax əsl şou-biznes nümayəndəsi belə olmalıdır. Nə dəxli var ki, özünün deyil, rus demişkən “zato” evi də, maşını da var. Əgər əlli minlik (minimum) kredit maşından düşüb toyxanaya yekə-yekə girmədinsə, ev sahibi də maşınını görüb “Bunu elə-belə yola salmaq olmaz, maşınının qiymətindən ayıbdır” demədisə, daha onun nə ləzzəti oldu. Bax bu axırıncı cümlə təkcə Günaya yox, şou aləmində olanların səksən faizinə aiddir. Yadıma düşmüşkən, olmuş əhvalatı danışım, amma etika naminə ad çəkməyəcəyəm. İndi çox populyar olan sənətçilərdən biriylə söhbətləşirik. Dedim ki, qardaş, 10-15 minə bir maşın alıb sürərdin də. Cavabını olduğu kimi də yazıram: qaqa, ucuzvari maşınla “kliyent”ə qiymət oxumaq olmur. Beş min istəsəm, deyəcək ki, elə maşınının qiymətidir ki... 
 
Xalq artisti İlhamə Quliyeva yenidən öz ampluasındadır. Sənətkar şou-biznes nümayəndələrini, bakılılar demişkən, nəyi var tənqid edib. Deyib ki, qısa ətək geyinib, ortaya çıxırlar. Elə qısa geyinirlər ki, alt paltarları dörd barmaq bayıra çıxır. Ayaqlarının arasına royal qoyarsan. Üzləri nəyə oxşayır. Ora-buralarına silikon qoydurublar. Ağızları nə gündədir. Bu, İlhamə xanımın fikirləriydi. Yeri gəlmişkən, o gün mən birini gördüm, ayağının arasına nəinki royal, hətta kontrabas da yerləşərdi.
 
Elə Nadir Qafarzadənin də buna bənzər açıqlaması olub. O, hətta bir qədər də irəli gedərək, açıq-saçıq geyinənlərin atasını, qardaşını “qeyrətsiz” adlandırmaqdan belə çəkinməyib. Sitat: ”Mən xaricdə bir qızı belə göbəyiaçıq görmədim. Amma bizdə yay gələndə adam bilmir üzünü haraya çevirsin. Ayıbdır... Görəsən, bu qız evdən göbəyiaçıq çıxanda qeyrətsiz qardaşı-atası bir söz demir? “Allah səni öldürsün, hara gedirsən?” deyə soruşmurlar? Nə məcburdur göbəyiaçıq, qısa yubka geyinirsiniz?”
 
Açıq-saçıq geyinənlər və onların adıçəkilən yaxınlarının Qafarzadənin bu açıqlamasına verəcəyi reaksiya şəxsən mənimçün də maraqlıdır. Gözləyək…
 
Müğənni Könül Kərimova, mənə görə, toyxananın sənətdən “oğurladığı” sənətçilərdəndir. Yəni, bu xanım Arif Babayev kimi böyük sənətkar-pedaqoqun məktəbini keçib. Əgər başladığı yolla davam etsəydi, indi ən yüksək fəxri adları da almışdı. Onunla indiyə kimi bir neçə dəfə müsahibəm olub. Hamısı da telefonda. Hər dəfə də çox səmimi təəssürat bağışlayıb. Amma sonradan məlum olub ki, bu səmimiyyət “kitayski” imiş. Bu dəfə isə həmkarlarından gileylənib. Deyib ki, əvvəl gözəllik salonlarına gedə bilmirmiş, həmkarları da ona lağ edirlərmiş. Buna görə də Kərimova özünə qapanırmış. Amma xanəndəliyi müğənniliyə dəyişdiyi kimi, makiyaj etməyi də öyrənib, daha ona gülmürlər:

“Zamanla hər şeyi öyrəndim. Artıq neçə illərdir makiyajımı da, saç düzümümü də özüm edirəm, salona getmirəm”.

Xumar Qədimovanın şəxsi keyfiyyətlərindən xəbərsizəm. Hiss etdiyim qədər duyğusal xanımdır. Ən xoşuma gələn keyfiyyəti isə efirə az-az, amma yeniliklə çıxmasıdır. Amma bu dəfə onun sənət yeniliklərindən danışmayacağam. Sənətçi deyib ki, mən bir insana ya tam bağlanıram, ya da heç istəmirəm. Sevəndə çox zəif oluram. Yeri gəlmişkən, Xumar xanım son vaxtlar gözümə çox zəif görünür. Olmaya?.. 
 
Müğənni Nazəninin də başı qalmaqallardan açılmır. Özü də hər dəfə söhbət təxminən eyni məzmunda olur. Arzu Heydərova adlı qadın canlı yayıma zəng vuraraq bildirib ki, qızı Nazəninin oğlundan hamilədir. Nazənin də deyib ki, burada qeyri-adi heç nə yoxdur. Necə deyərlər, pərişanlıq zülfün öz qaydasıdır. Yaxşısı budur, sitatı oxuyun:
 
“Mənim oğlum bir dəfə boşanıb, ikinci dəfə Astaradan evləndirmişəm. Hər subay kişi kimi Fəxrinin də qadınla görüşmək haqqı var. Qadın qızını qız uşağı kimi qələmə verməsin. Həmin qız 13 yaşında ərə gedib və mənim oğlumla görüşəndə boşanmışdı, bir oğlu da var. Fəxrinin evləndiyini eşidən gündən zəng vurub şantaj edir. Biz də Xətai Rayon Polis Şöbəsinə şikayət etmişik. Qızın yazdığı mesajlar, zəng vurduğu nömrələr qalıb. O qız oğlumun ailəsini yenidən dağıtmağa çalışır, amma buna icazə verməyəcəm. O ana oğlumdan şikayət etməkdənsə, gedib qızına sahib çıxsın”.
 
Beləcə, gəlib çıxdıq həftənin əsas hadisəsinə. Müğənni Vüqar Muradovu Moskvaya toya dəvət ediblər, hələ min manat beh göndəriblər, gediş-gəliş biletlərini də alıblar. Amma Muradov Moskvaya çatanda görüb ki, burada toy var, amma restoranda deyil, meşədə olacaq. Yəni, toy olmayacaq, toy tutmaq olacaq. Nəysə, namərdlər 7-8 nəfər olublar. Aparıb sənətçimizi döyüb kameraya çəkiblər. Doğrudan da, ən azı, namərdlikdir. Düzdür, Vüqar deyir ki, bu, nakişilikdir. Amma hadisənin təfərrüatından xəbərsiz olduğum üçün mən belə söyləyə bilmərəm. Nə isə, məsələ çox uzanıb. Axırda Muradovun dostlarından biri deyib ki, bu işdə gənc müğənni Fidan Süleymanovanın da əli var, o hazırda Moskvadadır. Fidan da deyib ki, ay tövbə, mən xarici pasportu 18 yaşımda almışam, indi də 26 yaşım var, hələ o gün-bu gün Moskva üzü görməmişəm.
 
Sonda sizə son günlər internet istifadəçiləri arasında məşhur olan “Həci başqadu” söhbətinin tarixçəsi barədə yazmaq istəyirəm. Deməli, bəstəkar-müğənni Həci Nazimlə rejissor Yavər Rzayev işlə bağlı müzakirə edirmişlər. Deyəsən, Həci Nazim Yavər müəllimin çəkdiyi filmin musiqisini yazmalıymış, qiymətdə razılaşmayıblar. Axırda sözləri çəpləşib, sağollaşıb ayrılıblar. Mübahisə bu dəfə telefonda davam edib. Yavər müəllim bu dəfə də israr edib ki, qiyməti aşağı elə. Bəstəkar da hirslənib, qayıdıb ki, “Yauuvər sən bunu bil e, Həci başqadu”. Qısası, mən ucuzvari bəstəkar deyiləm.
 
Bu həftəlik bu qədər. Di salamat qalın…
 
İntiqam Valehoğlu
Milli.Az