Bakı, 29 mart, AZƏRTAC
Novruz bayramını qeyd etmək İsraildə artıq xoş ənənəyə çevrilib. İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (“Azİz”) tərəfindən hər il təşkil olunan tədbirlərə ölkənin hər guşəsindən Azərbaycan əsilli adamlar bahar, dostluq və məhəbbət bayramını birgə qeyd etmək üçün gəlirlər.
Bu il də “Azİz” assosiasiyası öz ənənələrini pozmayıb, lakin şənliklər xüsusi və tamamilə başqa məna çaları alıb. Şübhəsiz, bayramın ilk günündə sevimli yeməklər, musiqi, rəqslər və hər stolu bəzəyən qırmızı lentlə bağlanmış səmənilərdən ibarət “özününkülər üçün” çox gözəl gecə keçirilib. Lakin bununla məsələ bitməyib. Afula şəhəri merinin birinci müavini Mixail Barkanın təşəbbüsü ilə əsas bayram bir neçə gündən sonra keçirilib. Elə bu bayram da ən azından onu keçirən təşkilatların sayına görə qeyri-adi olub. Afula şəhərinin mərkəzi meydanında böyük bayramın hazırlanmasında və keçirilməsində bələdiyyə strukturları, Mədəniyyət və İdman Nazirliyi, “Azİz” Beynəlxalq Assosiasiyası, Qazaxıstan və Mərkəzi Asiyadan gəlmələrin birliyi və Qazaxıstan səfirliyi iştirak edib. Fəxri qonaqlar sırasında Türkiyə və Özbəkistanın İsraildəki səfirliklərinin nümayəndələri də olublar.
Bayramdan əvvəl “Azİz” Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak AZƏRTAC-a bildirib ki, belə miqyaslı tədbir İsraildə ilk dəfədir keçirilir. O deyib: “Şübhə etmirəm ki, hər şey çox gözəl, parlaq, şən keçəcək. Lakin əsas bu deyil. Əsas odur ki, meydanda bir çox ölkələrin nümayəndələri toplaşıblar və bizim hamımızı Novruz birləşdirib”.
Qazaxıstanın İsraildəki səfiri Dulat Orazbekovıç Kuanışev öz təbrik nitqində zarafat edərək deyib: “Məndən tez-tez soruşurlar ki, “əgər novruz bayramı sizin yeni ilinizdirsə, onda neçənci ilin gəlməsini qeyd edirsiniz?” Sözün doğrusu, bu elə qədim bayramdır ki, tarixinin hesablanması yaddan çıxıb. Bir də ki, nə fərqi? Əsas odur ki, biz hamımız baharı bir yerdə qarşılayırıq! Hamımız bir yerdə! Qazaxıstanda bunu gözəl başa düşürlər. Bu il biz Qazaxıstan Xalqlar Assambleyasının 20 illiyini qeyd edəcəyik. Respublikamızın ərazisində 100-dən çox etnik qrup yaşayır. Ona görə də yaxşı bilirik ki, konfessiyalararası dialoqsuz nə sülh, nə dostluq olacaq”.
Martın 27-də Afulanın mərkəzi meydanına baş verənlər yuxarıda deyilənlərə parlaq nümunədir. Ümumi bayram xalqı istənilən peşəkar diplomatiyadan daha yaxşı birləşdirdi. Tamaşaçılar məşhur Akilovlar ailəsi Buxara ansamblının çıxışını, əslən azərbaycanlı Tomer Əliyevin ifasında sevimli mahnıları, gözəl uşaq ansamblının ifasında qazax, tacik, türk rəqslərini və zəngin konsert proqramının digər parlaq nömrələrini heyranlıqla qarsaladılar.
Şübhəsiz ki, bu şənlik də süfrəsiz ötüşmədi. Meydanda bayram başa çatandan sonra “Azİz” Beynəlxalq Assosiasiyası Türkiyədən, Özbəkistandan və Qazaxıstandan olan qonaqlarını Azərbaycan mədəniyyət Mərkəzinə (AMK) dəvət edib. Onları burada gülərüz sahibə - AMK-nın direktoru Yeganə Salman və Afula şəhəri merinin birinci müavini Mixail Barkan qarşılayaraq, özbək plovu, Azərbaycan dolma və şirniyyatlarla bəzənmiş süfrəyə dəvət ediblər.