Bakı, 27 mart, AZƏRTAC
Ötən gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Quba rayonunun Xucbala kəndində ümumi sahəsi 160 kvadratmetr olan ikimərtəbəli evdə iki otağın hər birində yanar konstruksiyalar 20 kvadratmetr sahədə, eləcə də mansardın yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 kvadratmetr olan evin bir otağının, mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30 kvadratmetr sahədə yanıb. Yanğın gecə saat 4 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaradağ rayonunda isə gəmidə yanğın baş verib. Ümumi sahəsi 3000 kvadratmetr olan gəminin göyərtəsi, idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kvadratmetr sahədə yanıb. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub.