Müğənni Elnarə Xəlilova TRT Avaz tərəfindən təşkil olunan konsert proqramında çıxış edib.

Axşam.az-ın məlumatına görə, konsert telekanalın yaranmasının 6 illiyi və Novruz Bayramı münasibəti ilə təşkil edilib. Məşhur Enbe Orkestrinin müşayiəti ilə keçirilən mərasimdə E.Xəlilova səhnəni türkiyəli ifaçı Kubatla bölüşüb.

Konsertdən əvvəl TRT Avaza müsahibə verən həmyerlimiz Novruz adət-ənənələrindən, şirniyyatlarından danışıb. Konsertdə səhnəyə “Laçın” mahnısı ilə çıxan Elnarə “Cənnətim Qarabağ” və “Novruz” mahnılarını ifa edib.

Əvvəlcə konsertdə “Sarı gəlin”ini də oxumağı planlaşdıran sənətçi sonradan fikrindən daşınıb:

“Əslində konsertdə yalnız xalq mahnıları ifa etməyi düşünürdüm. Təəssüf ki, bir çox xalq mahnılarımız nota köçürülməyib. Enbe Orkestri isə mahnını notla məşq etməli idi. Kubatın son albomunda “Sarı gəlin” mahnısı olduğu üçün onun oxuması məsləhət görüldü. Konsertə dəvət aldığım üçün TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslana təşəkkür edirəm”.

Konsertin sonunda Enbe Orkestrinin rəhbəri Behzat Gerçeker Elnarə ilə işbirliyindən böyük zövq aldığını bildirib. Konsertdə TRT Avaz telekanalının Türk Dünyasının birliyini əks etdirən “Avaz” adlı mahnıya çəkilən tanıtım videosunun ilk nümayişi də olub. Hər bir türk xalqını təmsil edən müğənninin  yer aldığı layihədə Azərbaycanı Elnarə təmsil edib.