Vyana, 25 mart, AZƏRTAC 
Martın 25-də BMT-nin Vyana Bölməsinin Baş Qərargahında ADA Universiteti və BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNCİ) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Azərbaycan tərəfdən ADA Universitetinin prorektoru Fariz İsmayızadə, BMT tərəfindən isə BMTNCİ-in icraçı direktorunun müavini Aldo Lale Demoz imzalayıblar. İmzalanma mərasimində bir sıra struktur bölmələrinin rəhbərləri də iştirak edib.
Memorandum iki qurum arasında kiber-təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın qurulmasını, həmçinin milli və beynəlxalq səviyyəli birgə təlimlərin və digər növ tədbirlərin keçirilməsini nəzərdə tutur. Hazırkı Memorandumla hər iki qurum eyni zamanda cinayətkarlığın digər növləri, o cümlədən transmilli mütəşəkkil cinayətkarlıq, terrorizmə qarşı mübarizə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və s. ilə əlaqədar birgə tədqiqat və təhlil işlərinin aparılmasına dair razılığa gəliblər.
BMTNCİ-nin nümayəndəsi A. Demoz Azərbaycanla BMTNCİ arasında əlaqələrin son iki il ərzində, xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin may ayında BMTNCİ-nin Vyana şəhərində yerləşən baş qərargahına səfərindən və təşkilatın icraçı direktoru Yuri Fedotovla görüşündən sonra xüsusi dinamika ilə inkişaf etdiyini və ADA ilə imzalanan Memorandumun bu xüsusda yeni əməkdaşlığın ən önəmli istiqamətlərdən birini təşkil etdiyini vurğulayıb. A. Demoz Azərbaycanın BMTNCİ ilə əməkdaşlığa verdiyi önəmin bu ölkənin transmilli mütəşəkkil cinayətkarlığa qarşı qlobal mübarizəyə verdiyi əhəmiyyətlə bağlı olduğunu qeyd edərək, Azərbaycan tərəfindən narkotiklərə və cinayətkarlığın müxtəlif növlərinə qarşı aparılan uğurlu mübarizənin BMTNCİ vasitəsilə digər ölkələrlə də mübadilə edilə biləcəyini bildirib. Ötən ilin iyulunda BMTNCİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsinə ADA Universitetində də görüş keçirdiyini xatırladan A. Demoz BMTNCİ ekspertlərinin ADA Universitetində yaradılan şəraitdən çox müsbət təəssüratlar aldığını qeyd edib. Elə məhz bu səbəbdən də BMTNCİ-nin təşəbbüsü ilə “BMT üzv dövlətlərinin hüquq-mühafizə akademiyaları şəbəkəsi“nin ilk görüşünün bu il aprelin 28-29-da ADA Universitetində keçirilməsinə dair təklif irəli sürüldüyünü xatırladan BMT nümayəndəsi ADA Universitetinə həmin tədbirə ev sahibliyi etməyə razılıq verdiyinə görə minnətdarlığını bildirib.
F. İsmayılzadə səmimi qəbul üçün BMT tərəfinə təşəkkür edərək, ADA Universitetinin tarixi və fəaliyyəti barədə məlumat verib. 2013-cü ililin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yarandığını qeyd edən prorektor həmin universitetin hazırda ADA Universitetinin bir hissəsini təşkil etdiyini və universitetin əsas məqsədinin informasiya və kommunikasiya texnologiyalarından istifadə, eləcə də kiber-təhlükəsizlik sahəsində yüksək hazırlığa malik kadrların hazırlanması olduğunu bildirib. Bu xüsusda BMTNCİ ilə kiber-təhlükəsizlik sahəsində hyata keçiriləcək əməkdaşlığın ADA üçün xüsusi əhəmiyyət kəsb edəcəyi vurğulanıb. ADA Universitetinin regional və beynəlxalq təlimlərin təşkili sahəsində kifayət qədər geniş təcrübəyə malik olduğunu xatırladan F. İsmayılzadə BMTNCİ ilə birgə bu cür təlimlərin təşkilinə həmişə hazır olduqlarını qeyd edib.

Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana