Lerik, 24 mart, Bağır Əliyev, AZƏRTAC
“Cənub bölgəsinə səyəhətlə bağlı təəssüratımız olduqza zəngindir. Naxçıvan Muxtar Respublikasının Babək, Şərur, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonlarının və Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üç gün ərzində qədim Lənkəranın, Astara və Lerik rayonlarının tarixi, mədəniyyət və incəsənət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları, sosial-iqtisadi inkişafı və mənzərəli yerləri ilə yaxından tanış oldular”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycanın cənub bölgəsinə təşkil edilmiş tur-aksiyanın iştirakçısı, Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqnus kənd tam orta məktəbinin XI sinif şagirdi Rza Cəbiyev deyib.
Naxçıvanlı məktəbli daha sonra deyib: “Cənub bölgəsinin tarixi, mədəniyyət abidələri, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında çox oxumuşdum. Tur-aksiya zamanı isə oxuduqlarımı bir daha əyani şəkildə gördüm. Necə deyərlər, min eşitməkdənsə, bir görmək yaxşıdır. Məktəblilər üçün belə bir imkan yaratdığına görə tur-aksiyada iştirak edən şagirdlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm.”