“Sonra da oturub musiqiyə qulaq asmağa başladım”
“Kresloda oturub musiqiyə qulaq asırdım. Evin işıqlarını söndürdüm. Cibimdən evin açarını çıxardıb, qapını açdım. Binanın çardağına çıxdım ki, özümü atım….”
İbtidai istintaqla məlum olub ki, Bakı şəhər sakini, 1978-ci təvəllüdlü Aydın Məmmədov keçən il avqust ayının 12-də saat 02 radələrində yaşadığı Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ev 8, m 41 ünvanda spirtli içki qəbul etdikdən sonra həyat yoldaşı mərhum Məmmədova Elnarə Vəli qızını amansızlıqla qətlə yetirib. Həmin gün baş verən mübahisədən təsirlənərək mətbəx bıçağını götürüb, evin giriş qapısını içəridən bağlamaqla arvadının yataq otağına gələrək ünvanına təhqir edici ifadələr söyləyib. Sonra onu yuxudan durğuzaraq saçından tutub yerə yıxıb. Əlində olan mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə səkkiz ədəd bıçaq zərbəsi vurub, həmçinin yumruq, təpik zərbələri vurmaqla sonuncuya ağır xəsarətlər yetirib. Nəticədə, E. Məmmədovanın sol qabırğası, sol ağciyəri və ürəyin sağ mədəciyinin zədələnmələr aşkar olunub və o, çoxlu qan itirib. Nəticədə Elnarə Məmmədova ölüb.
İbtidai istintaq başa çatdıqdan sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə Aydın Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Aydın Məmmədov ibtidai istintaqa təqsirləndirilən şəxs qismində dindirilərkən özünü təqsirli bilib. O, ifadəsində 2003-cü ildə Elnarə Məmmədova ilə ailə həyatı qurduğunu və birgə nikahdan hazırda 8 yaşılı Gülməmməd adlı oğlunun və 7 yaşı olan Xədicə adlı qızının olduğunu deyib: “Ailəmi dolandırmaq üçün balıq təsərrüfatı ilə məşğul olmuşam. Elnarə 26 saylı uşaq bağçasında tərbiyəçi işləyirdi. Təxminən 5-6 ay bundan öncə Elnarənin başqa şəxslə, yəni Pirallahı rayonunda yaşayan Azərlə münasibəti olduğundan şübhələndim. Belə ki, 2013-cü ilin mart ayında yuxuda Elnarənin balıq satışı ilə məşğul olan Azər ilə münasibətinin olduğunu gördüm və yuxudan durandan sonra fikirləşdim ki, əgər bunu yuxuda görmüşəmsə, deməli Elnarə ilə Azərin münasibətləri var. Ümumiyyətlə, yuxularım real həyatda həmişə gerçək olub və bunu dəfələrlə sınamışam. Həmin vaxtdan başlayaraq Elnarədən şübhələndim və onun ilə Azərin yaxın münasibətləri olduğunu düşündüm. Elnarə işə səhər saat 7 radələrində gedib saat 14 radələrində qayıdırdı. Növbəti gün o, isə saat 12 radələrində işə getdi və saat 18 radələrində evə gəldi. Elnarənin Azər ilə münasibəti olduğunu şübhələndiyi vaxtdan dəfələrlə onu izlədim, lakin Azər ilə görüşərkən birlikdə tuta bilmədim. Onun həyatında başqa şəxsin olmasından şübhələndiyimdən aralarındakı münasibətlərimizin soyumasına və ailədə tez-tez mübahisələrin düşməsinə səbəb oldu. Hər dəfə Elnarəyə Azər ilə münasibətinin olmasını və bunu da yuxuda gördüyümü bildirəndə, o, ağlımı başıma yığmağımı və belə bir şey olmadığını, böhtan atdığımı bildirirdi. 2014-cü ilin may ayında da evdə Elnarə ilə mübahisəmiz düşdü. Həmin mübahisə zamanı Elnarəni döymüşdüm. Həmin vaxt Elnarə evdən qaçaraq bacısı Afətgilə getdi və həmin mübahisə ilə əlaqədar onun anası Suğra Mirzəyeva Pirallahı RPŞ-nə şikayət etdi və şikayət əsasında polis şöbəsində araşdırma aparıldı. Həmin vaxt da Elnarənin ailə üzvlərinə yuxuda Azər ilə Elnarənin münasibətinin olmasını gördüyünü demişdim. Elnarənin ailə üzvləri də ağlımı başına yığmamı bildirdilər. Əvvəllər namaz qılıb, ibadət edirdim, lakin bu hadisədən sonra, təxminən 5 ay bundan öncə artıq ibadəti dayandırıb spirtli içkilərə aludə oldum və demək olar ki, hər gün spirtli içki içdim. Bir gün qardaşım Yaşar bizə qonaq gəldi və oğlum Gülməmmədi özü ilə Ayna Sultanovada yerləşən evinə apardı. Qızım Xədicə isə təxminən 1-2 aydır ki, nənəsi Suğragildə qalırdı. Həmin gün evdə Elnarədən başqa heç kim yox idi. O gün yuxudan duranda gördüm ki, Elnarə işə gedib. Onun səhər 7-dən axşam 18 radələrinədək işdə olması mənə qəribə gəldi. Elnarə gələnə qədər evdə oldum və çölə çıxmadım. O, təxminən saat 18 radələrində evə gəldi və aramızda mübahisə düşdü. Mübahisə zamanı mənə həyatdan bezdiyini və tək başına ailəni dolandıra bilmədiyini bildirdi. Elnarəyə işləyəcəyimi dedim və sakitləşdirməyə çalışdım. Lakin Elnarə mənə yenidən kişi olmadığımı, arvad hesabına dolandığımı və evə çörək pulu gətirməli olduğumu irad tutdu. Son zamanlar demək olar ki, hər gün dalaşırdıq. Bu isə əsəblərimə təsir edirdi. Bütün bunları unutmaq üçün saat 23 radələrində evdən çıxıb 750 qramlıq “ Qranit “ arağı alıb evə qayıtdım. Evdən çıxanda Elnarə artıq otağında yatmışdı. Evə gəlib yeməyi qızdırıb qonaq otağında süfrə açdım və içdim. İçəndən sonra Elnarənin dediyi sözləri xatırlamağa başladım. Sonra bıçağı götürüb evin çöl qapısını içəridən açarla bağladım, Elnarənin yatdığı otağa keçdim. Onu bıçaqla vurub yuxudan oyatdım. Daha sonra saçından tutaraq yataqdan yerə saldım və bıçaqla müxtəlif nahiyələrindən vurmağa başladım. Bu zaman bıçaq əlimdən yerə düşdü və Elnarəni boğmağa başladım. Amma o, əlimdən çıxdı və qonaq otağına qaçdı. Qonaq otağında Elnarəyə yenidən bıçaq ilə zərbələr vurdum və saçından tutaraq otaqda sürüməyə başladım. Onu vuranda öz əlimi də kəsmişəm. Daha sonra oturub musiqiyə qulaq asdım. Özümə qəsd etmək fikrinə düşmüşdüm. Evin bütün otaqlarının işıqlarını söndürdüm və cibimdə olan evin açarını çıxardıb, qapını açıb mərtəbələrlə yuxarı qalxdım ki, binanın çardağına çıxıb oradan özünü atım. Amma 5-ci mərtəbədə yaşayan Zaur adlı qonşum səsə evdən çıxıb binanın damına çıxmağıma mane oldu. Bundan sonra polislər gəlib məni tutdu”.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilən mərhum Elnarə Məmmədovanın qardaşı Vasif İsrafilli Aydının xaraktercə yalan danışmağı sevən, səbəbsiz yerə ailədə mübahisə yaradan, psixi durumu isə gərgin, hərəkətinin mahiyyətinə varmayan bir adam olduğunu deyib: “Aydın evliliklərinin ilk günündən Elnarəyə zülm edib. Evləndikdən 1 həftə sonra bacımı döydü və bu səbəbdən Elnarə qaçaraq bacımız Afətin yaşadığı evə getdi. Daha sonra ailədə barışıq yarandığından Elnarə geri qayıtdı. Elnarə əvvəllər 52 nömrəli, sonradan isə “Bulaq” adlı bağçada tərbiyəçi kimi işləyib. Aydın bacım ilə ailə həyatı qurandan sonra spirtli içkilər qəbul edib və demək olar ki, hər gün evdə mübahisə yaradaraq Elnarəni döyüb. Bu barədə Elnarə biz yox, Afətə və anamız Suğraya məlumat verib. Aydın 2004-cü ildən 2010-cu ilə qədər spirtli içkilərə aludə olub. Həmin müddət ərzində bacımı dəfələrlə döyüb və işgəncələr verib. Lakin Elnarə ailəsinin dağılmaması, eləcə də uşaqlarının atasız qalmaması üçün Aydınla nikahını pozmurdu. Təxminən 2010-cu ildən Aydın namaz qılmağa başladı və vəhabi təriqətinin nümayəndələri kimi saqqal saxladı. Həmin vaxtdan Elnarəni də məcbur edib hicaba keçirdi. Aydın təkcə Elnarəyə deyil, uşaqlara da zülm edib, bunu Xədicə, eləcə də Gülməmməd təsdiq edə bilərlər. Aydının psixi durumunda problemlər olub, dəfələrlə olmayan, lakin ağlına gələn şeyləri evdə deyərək mübahisə yaradırdı. Elnarənin qətlindən sora Aydın deyib ki, balıqçı Azərlə Elnarənin yuxuda birlikdə söhbət etdiklərini görüb. O, yuxudan duraraq buna görə Elnarəni döyüb. Bunu Elnarə özü Afətə deyib. Demək olar ki, Elnarənin ailəsini mən saxlamışam. Aydın son zamanlar işləmirdi, mən isə dəfələrlə Aydına əvəzsiz olaraq müxtəlif miqdarda pul vermişəm və həmin pulu geri istəməmişəm. Ailənin dolanması Elnarənin üzərinə düşürdü. O, işlədiyi bağçadan təxminən 150 manat maaş alırdı və həmin pul ailənin dolanışığına çatmırdı. Bu səbəbdən mən və bacım Afət Elnarənin ailəsinin dolanışığında köməklik etmişik. Aydın dəfələrlə uşaqların yanında mübahisə yaradaraq Elnarəni gec-tez öldürəcəyini bildirib. Bunu Xədicə və Gülməmməd təsdiq edə bilərlər. 2014-cü ilin may ayında Elnarə Aydın tərəfindən döyülərək xəsarət aldı və gecə köynəyində qaçaraq Afətgilə gəldi. Həmin vaxtı da, Aydın Elnarəni qətlə yetirmək istəyib, lakin evin qapısı açıq olduğundan Elnarə qaçaraq canını qurtara bilib. Bununla bağlı olaraq yazılı surətdə yazdıqları şikayət əsasında Pirallahı rayon polis şöbəsində araşdırılma aparılıb. Həmin araşdırmanın sonunda Elnarə ailəsinin dağılmaması üçün Aydınla barışıb və bu səbəbdən polis şöbəsində araşdırılma dayandırılıb. Onlar barışanda Aydın Elnarədən, eləcə də onlardan dəfələrlə üzr istəyib və ailəsində söz-söhbət yaratmayacağını bildirib. Mən Aydından niyə belə söz söhbət yaratdığını soruşanda, spirtli içkinin təsiri altında olanda hərəkətlərinin mahiyyətinə varmadığını demişdi. Aydın hər gün spirtli içki içir və Elnarənin əmək haqqını spirtli içkilərə xərcləyirdi. Hadisə günü, təxminən 2 radələrində bacım Afət mənə zəng edərək Elnarənin yenidən Aydın tərəfindən döyüldüyünü dedi. Dərhal yuxudan durub Elnarəgilə getdim. Elnarənin yaşadığı evə çatanda binanın qarşısında bacım Afətin və orada yaşayan qonşuları gördüm. Afət mənə yaxınlaşaraq pəncərədən baxdığını və Elnarənin ayaqlarını mətbəx qapısının qarşısında olduğunu gördüyünü bildirdi. Mən evə daxil olanda döşəmə və divarların qan içində olduğunu gördüm. Dərhal mətbəxə doğru qaçdım və bacım Elnarənin hərəkətsiz halda qan içində yerdə uzandığını və yanında evdə istifadə edilən mətbəx bıçağını gördüm. Bundan sonra, Aydının bacımın Elnarəni qətlə yetirdiyini bildim. Aydın hadisə yerindən qaçmağa çalışsa da, polis əməkdaşları tərəfindən tutulmuşdu”.
Cinayət işinin istintaqı zamanı şahid qismində ifadə verən Azər Zeynalov kiçik ticarət obyekti olduğunu deyib. “Həmin dükanda ərzaq məhsulları satmaqla ailəmi dolandırıram. Bundan savayı balıq məhsullarının alqı-satqısı ilə də məşğul oluram. Aydın Məmmədovu təxminən 25 ildir tanıyıram. Onunla yaxın münasibəti olmayıb. Bildiyimə görə, o, balıq tutub satmaqla məşğul olur və mən də ondan bir neçə dəfə balıq alaraq satmışam. Aydının atası Gülməmmədi və qardaşı Yaşarı tanıyıram. Onlar da Pirallahı sakinləridirlər. Lakin hadisə gününədək Aydının ailəli olduğunu bilməmişəm. Aydının nə həyat yoldaşını, nədə uşaqlarını tanımıram”.
Qeyd edək ki, yazı cinayət işinin ittiham aktı əsasında hazırlanıb.