Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər rayon rəhbərliyinin İsmayılbəyli kəndində səyyar qəbul-görüşü keçirilib.

Hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin də iştirak etdiyi görüşdə rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Kənd sakinlərindən Lətif Məmmədov, Vidadi Musayev, Niyaz Axundov, Əli Alışov, Nigar Əliyeva və başqaları əhalinin həyat şəraiti və bəzi problemlər barədə məlumat veriblər. Sakinlər rayonda gedən sosial-iqtisadi inkişafdan, rayon mərkəzi ilə yanaşı, kəndlərin də daim diqqət mərkəzində saxlanılmasından razılıqlarını ifadə ediblər. Novruz bayramı ərəfəsində uzun illər yanacaq sarıdan əziyyət çəkən İsmayılbəyli kəndinə təbii qaz verilməsi əhaliyə göstərilən diqqət və qayğının bariz numinəsi kimi qiymətləndirilib. Çıxışlarda, eyni zamanda kənddə yeni subartezian quyularının qazılmasına, orta məktəb binasının əsaslı təmirinə, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəzlənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.




Mənbə
AzərTac