Naxçıvan, 20 mart, Rauf Əliyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 20-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, rayon ilə tanışlıq Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə başlayıb.
Burada məktəblilərə məlumat verilib ki, Kəngərli rayonu 2004-cü ildə yaradılıb. Rayonun ərazisindəki çoxsaylı arxeoloji abidələrdə aparılan qazıntılar zamanı qədim insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri aşkar edilib. Son Tunc və İlk Dəmir dövrünə aid Qalacıq yaşayış yeri, 1-ci Qarabağlar, 2-ci Qarabağlar, Govurqala, Çalxanqala, Şahtaxtı kəndinin yaxınlığındakı qədim şəhər yeri, Şahtaxtı Govurqalası və nekropolları, Yurtçu qədim yaşayış yeri, buradakı kurqanlar və sərdabələr bu ərazinin qədim tarixə malik olduğunu sübut edir. Yurdçu kəndi yaxınlığında müxtəlif dövrlərə aid mis və gümüş dəfinəsinin aşkar edilməsi vaxtilə bölgənin qədim dövlət idarəçiliyi mərkəzlərindən biri olduğunu söyləməyə əsas verir.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində bölgənin qədim tarixini və mədəniyyətini əks etdirən 2792 eksponat var. Hazırda bunlardan 758-i nümayiş etdirilir. Muzey 2007-ci ildən fəaliyyət göstərir.
Məktəblilər muzeydəki eksponatlara maraqla baxıblar.
Şagirdlər muxtar respublikanın Kəngərli rayonundakı orta əsrlərə aid tarixi-memarlıq abidəsi olan Qarabağlar türbəsi ilə də tanış olublar. Memarlıq kompleksinə daxil olan qoşa minarənin XII əsrin sonu - XIII əsrin əvvəllərində tikildiyi ehtimal edilir. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Onun üzərindəki kitabədə ərəb dilində bu sözlər yazılıb: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Söhbət Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatından gedir. Məktəblilər tarixi abidə heyranlıqla seyr ediblər.
Qarabağlar kənd 1 saylı tam orta məktəbi ilə tanışlıq da şagirdlərin marağına səbəb oldu. Dördmərtəbəli bu təhsil ocağı 648 şagird yerlikdir. Məktəbdə 5-i elektron lövhəli olmaqla 36 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat, 2 kompyuter, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. Gələn il 100 illik yaşını qeyd edəcək Qarabağlar kənd 1 saylı tam orta məktəbinin kitabxanası zəngin fonda malikdir. Burada 8 mindən çox dərslik və bədii ədəbiyyat mövcuddur.
Məktəblə tanışlıq şagirdlərdə xoş təəssürat yaradıb.