İran dövlət qurumları adının “əsl islam toplumunun mədəniyyətinə zidd” olduğunu irəli sürərək 3 il yarım öncə Qərbi Azərbaycan vilayətində dünyaya gəlmiş Oğuz Kaan adlı uşağa bu günə qədər şəxsiyyət vəsiqəsi (kimlik) verməyib.
Milli.Az "Amerikanın Səsi"nə istinadən bildirir ki, Qərbi Azərbaycan vilayətinin Makı (Maku) şəhərində yaşayan Feyzullahnejad ailəsinin 2011-ci ilin avqust ayından bəri övladlarına şəxsiyyət vəsiqəsi almaq üçün göstərdiyi cəhdlər nəticəsiz qalıb.
Yayılan məlumata görə, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinin Makı şöbəsi türkcə Oğuz Kaan adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etdikdən sonra, uşağın atası məhkəməyə müraciət edərək idarədən şikayət edib. Amma məhkəmədən çıxan hökmdə də dövlət qurumunun mövqeyi əks olunub.
Oyan News Makı şəhəri ümumi məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan məhkəmə sənədinin təsvirini nəşr edib. Sənəddə yazılanlar bunlardır:
“Şikayətçi Sadıq Feyzullahnejad vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi Makı şöbəsinin oğluna seçdiyi adı qəbul etmədiyini iddia edir. Cavabdeh isə seçilən adın islam və şəriət mədəniyyətinin qəbul etdiyi adlar daxilində olmadığı və əsl islam toplumunun mədəniyyətinə zidd olduğunu bildirir... Məhkəmə araşdırmadan sonra, seçilən adın təsdiq edilən adlar siyahısında mövcüd olmadığı üçün cavabdeh qurumun haqlı olduğuna və şikayətin ləğvinə qərar verir”.
“Oğuz Kaanın ailəsi övladlarına şəxsiyyət vəsiqəsi verilmədiyi təqdirdə səhiyyə xidmətləri və vətəndaşlıq hüququndan məhrum qalacağından narahatdır”, - Oyan News qeyd edib.
Milli.Az