Zaqatala, 19 mart, AZƏRTAC
Zaqatalalılar baharın gəlişini böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayırlar.
AZƏRTAC xəbər verir ki, xalqımızın ən qədim adət-ənənələrindən olan Novruz bayramı münasibətilə martın 19-da Zaqatala şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi “Zaqatala qalası”nın ərazisindəki geniş meydanda ümumrayon şənliyi keçirilib. Bayram tədbirində minlərlə zaqatalalı, həmçinin qonaqlar iştirak ediblər.
Bayram şənliyi Dədə Qorqud və Bahar qızın atlıların müşayiəti ilə faytonda meydana gəlişi ilə başlanıb. Dədə Qorqudun tədbir iştirakçılarına Novruz təbrikindən sonra bayram tonqalı alovlandırılıb.
Sonra rayon rəhbərliyi və qonaqlar meydanda təşkil olunan xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə, əmək kollektivlərinin, ayrı-ayrı kəndlərin hazırladıqları bayram guşələrinə baxıb, el sənətkarlarının əl işləri, habelə milli mətbəx nümunələri ilə tanış olublar. Kəndirbazların, pəhləvanların çıxışları bayram tədbirinə ayrıca ovqat qatıb.
Milli geyimli oğlan və qızlar əllərində Novruz xonçaları şənlik iştirakçılarına bayram şirniyyatı paylayıblar. Novruzun personajları olan Kosa və Keçəl tədbir boyunca məzəli oyunları, duzlu-məzəli zarafatları ilə hamıya xoş əhval-ruhiyyə bəxş ediblər.
Axşam saatlarınadək davam edən bayram tədbirində rayonun bədii-özfaliyyət, rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.