Həmin yarmarkalardan biri də Yasamal rayonu ərazisində açılıb. "Bayram yarmarkası" ilə əlaqədar olaraq, General Akim Abbasov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsindən Mirəli Seyidov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə məhdudlaşdırılıb.
Adıçəkilən yarmarkaya baş çəkmək qərarına gəldik. İlk baxışdan bazar nə alıcı, nə də satıcı tərəfdən korluq çəkmirmiş kimi görünürdü. Yarmarkada meyvə, tərəvəz, ət və ət məhsulları, balıq və bir çox digər məhsullar satılırdı.
Satıcılarla qiymətlər və alıcılar barəsində söhbətləşdik. Yarmarkada alma satan Amil adı satıcı deyir ki, qiymətlər əvvəlki günlərə baxanda baha olsa da, digər yerlərdən daha ucuzdur: "Manat düşəndən sonra qiymətlər müəyyən qədər qalxdı. Çünki bu bizneslə məşğul olanların əksər hissəsi banklarla çalışır. Yəni bankdan kredit götürürlər, biznes qururlar. Sonra da aylıq ödəmələrini edirlər. Onların da böyük hissəsi krediti dollarla götürüblər. Manat düşdü, dollar bahalaşdı. Deməli, bunların da kredit borcları çoxaldı. Buna görə də, kreditləri ödəyə bilmək üçün qiymətləri artırmağa məcburdurlar. Amma nə qədər qiymət artsa da, bu yarmarkada qiymətlər marketlərə, digər bazarlara baxanda daha ucuzdur. Ona görə də, camaat buraya alış-veriş etməyə gəlir".
Alıcılarla da danışdıq. Yasamal rayon sakini Validə İsmayılova bayram üçün alış-veriş etməyə gəldiyini, amma cibindəki pulla bazardakı qiymətlərin tərs mütənasib olduğunu dedi: "Siz də bilirsiniz ki, sabah Novruz bayramıdır. Evdə balaca nəvələrim var. Qonaqlarımız da olacaq. Yemək bişirmək lazımdır. Masaya meyvə qoymaq vacibdir. Amma qiymətlər adamın əlini "yandırır". Yaxın durmaq olmur. Mənim bazarlıq üçün düşündüyüm miqdarla, alacaqlarımın ümumi tutarı heç uyğun gəlmir. Ya az almalıyam, ya da almamalıyam. Bir bayram süfrəsi çox baha başa gəlir. Buraya da yarmarka adı veriblər. Əvvəllər də yarmarkalar olurdu, amma belə deyildi. Camaat rayonlardan öz istehsal etdiyi, əkib-becərdiyi məhsulunu gətirirdi. Sadəcə, yol xərci çıxdığı üçün məhsullarını ucuz satırdı. İndi isə burada gördüyün şəxslərin hamısı alverçidir. Əldən-ələ, başqasından mal alıb, üstünə qiymət qoyub, satan şəxslərdir. Yəni yarmarkanın heç bir faydası yoxdur".
Bəzi alıcılar isə yarmarkanın fəaliyyətindən razılıq edirlər. Amma yarmarkanın daimi olmasını da istəmirlər: "Mənə bura sərf edir. Hə, başqa yerlərlə müqayisədə çox da ucuz deyil. Bəzi şeylər eyni qiymətə satılır, bəzilərində isə 5-10 qəpik fərq var. Mənə ona görə sərf edir ki, evimə yaxındır. Rahat alış-veriş edə bilirəm. Həm də geniş bazardır. Amma martın 19-da bağlanacaq. Bəlkə də elə yaxşıdır. Çünki yayda bu küçədən keçmək olmayacaq".
Sürücülər də narazılıq edirlər: "Yarmarkanın olması yaxşı şeydir. Amma yolu bağlayıb, yarmarka açmaq kimin ağlına gəlib? Bu, haradan çıxdı? Avtomobil yolunu, üstəlik də daim istifadə edilən bir yolu bağlayıb, yarmarka açmaq, yumşaq desəm, ən mənasız qərardır. Sürücülərin böyük bir hissəsi bu yolun bağlanmasından xəbərsizdirlər. Gəlirlər, yolu bağlı görüb, geri qayıdırlar. Bu da xeyli vaxt deməkdir. Yaxınlıqda stadion var. Futboldan başqa hər şeyə yarayır. Orada hətta mitinq də edirlər. Yarmarkanı da orada açsınlar. Heç kimi də narahat etməsinlər".
Musavat.com



























