Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu günlərdə Cenevrə şəhərində keçirilmiş BMT İnsan Hüquqları Şurasının 28-ci sessiyasında və BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin növbəti iclasında iştirak edib.
Qeyd edək ki, Beynəlxalq Koordinasiya Komitəsinin ən yüksək “A” statusuna malik olan Azərbaycan Ombudsman təsisatı ölkədə fəaliyyət göstərən yeganə Milli İnsan Hüquqları Təsisatı kimi mütəmadi şəkildə BMT-nin İnsan Hüquqları Şurasının sessiyalarında iştirak edir və həmin sessiyalara müvəkkilin həm yazılı, həm də şifahi bəyanatları təqdim olunur. Müvəkkil Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Koordinasiya Komitəsinin iclaslarında da fəal iştirak edir.
28-ci sessiyasının gündəliyinə daxil olan mövzular üzrə müvəkkilin iki bəyanatı Şuraya təqdim edilib və BMT-nin rəsmi internet səhifəsində yayımlanıb. Belə ki, sessiyanın gündəliyində yer alan “İnsan hüquqları üzrə milli siyasət” mövzusu üzrə müvəkkilin yazılı bəyanatı Şuraya göndərilib, “Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı interaktiv müzakirələr”də isə müvəkkil iştirak edərək şifahi bəyanatla çıxış edib.
Müvəkkil yazılı bəyanatında insan hüquqlarının səmərəli müdafiəsi istiqamətində ölkədə aparılan islahatlarla yanaşı, Milli İnsan Hüquqları İnstitutu kimi Ombudsman təsisatı tərəfindən hökumətə ünvanlanan tövsiyə və təkliflər barədə məlumat verib.
İnsan hüquq və azadlıqlarının effektiv təmini məqsədilə təsisat tərəfindən aidiyyəti qurumlara 461 təklif ünvanlanmasına dair məlumat da sənəddə yer alıb. Həmçinin, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyi, ölkəmizin müstəqillik tarixində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində üç mühüm strateji sənədin qəbul olunduğu bildirilib.
“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın uğurla gerçəkləşdirildiyi, işçi qrupun rəhbəri kimi müvəkkilin bu Proqramın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirdiyi vurğulanıb.
Ombudsman BMT-nin “Minilliyin inkişaf məqsədləri” çərçivəsində mühüm istiqamətlərə diqqət çəkərək, dünya üzrə demoqrafik problemlər, gender bərabərliyinin təmin olunması, ayrı-seçkiliyin yolverilməzliyi barədə danışıb və ölkəmizdə bu sahədə aparılan islahatlarla bağlı məlumat verib.
Müvəkkil şifahi bəyanatında insan hüquqlarının ayrılmaz tərkib hissəsini təşkil edən əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində aidiyyəti dövlət qurumları, QHT, vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərdiyini, onların problemlərinin diqqət mərkəzində saxlanıldığını bildirib. O, eyni zamanda şəxslərdə əlillik vəziyyətinin yaranma səbəblərinə də toxunaraq, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 mindən çox insanın əlil olduğunu, insan hüquqlarının kütləvi şəkildə pozulduğunu vurğulayıb.
Azərbaycan ombudsmanı Beynəlxalq Koordinasiya Komitəsinin iclasında da iştirak edib. Sözü gedən qurum və BMT-nin Əhali Fondunun birgə dəstəyi ilə təşkil olunan cinsi və reproduktiv sağlamlıq kontekstində insan hüquqlarına dair tədbirdə müvəkkil məruzəçi qismində çıxış edib. O, Azərbaycan Hökumətinin Universal Dövri İcmal və CEDAW Konvensiyasına dair hesabatları üzrə verilmiş tövsiyələrə toxunaraq, BMT-nin Əhali Fondu ilə birlikdə “Cinsi və reproduktiv sağlamlıq hüquqları”nın insan hüquqları baxımından dəyərləndirməsini aparıb.
Ombudsman Beynəlxalq Koordinasiya Komitəsinin ötənilki hesabatının qiymətləndirilməsi və gələcək əməkdaşlığa dair plan və proqramların müzakirəsinə, əlilliyi olan şəxslərin müdafiəsinə, qadınlara qarşı zorakılığın aradan qaldırılmasına və MİHT idarəetməsinə həsr olunmuş xüsusi sessiyalarda da iştirak edib.
Səfər çərçivəsində müvəkkil Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə görüşüb. O, girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı ciddi narahatlıq duyulduğunu bildirib, bu hərəkətin Avropa İnsan Hüquqları Konvensiyasının 2, 3, 5-ci maddələrinin və beynəlxalq humanitar hüququn bir hissəsi olan 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozduğunu vurğulayıb. Müvəkkil girovların Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində, mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında və girovluqda olduqları müddətdə onların saxlanma şəraitinin, habelə onlara qarşı rəftarın müntəzəm olaraq nəzarətdə saxlanılmasında yardımçı olacağına inandığını bildirib.
Səfər çərçivəsində ombudsman, həmçinin Beynəlxalq Koordinasiya Komitəsinin rəsmiləri ilə, o cümlədən sözü gedən komitənin akkreditasiya üzrə alt komitəsinin rəhbəri, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnstitutlar və Regional Mexanizmlər bölməsinin rəhbəri, Milli İnsan Hüquqları İnstitutlarının Avropa qrupunun rəhbəri ilə də səmərəli görüşlər keçirib, bu rəsmilərə Xocalı soyqırımı ilə bağlı disklər verib.