Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi ilə birgə Novruz bayramına həsr olunan ənənəvi tədbir keçirib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bayram şənliyində muzeyi direktorunun müavini Təranə Balayeva tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.
Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov bu bayramın insanları birliyə, əmin-amanlığa səslədiyini bildirib. Qeyd edilib ki, Novruz milli olduğu dərəcədə də bəşəri bayramdır, ilk növbədə, təbiətin yenidən doğulmasının, qışdan yaza, qıtlıqdan bolluğa keçməyin bayramıdır. Ona görə də Novruzdakı adətlər – yumurta boyamaq, tonqal qalamaq, səməni cücərtmək, zəngin süfrə açmaq və s. bolluğun, bərəkətin rəmzidir.
Novruzun 2009-cu il sentyabrın 30-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirən M.İmanov BMT Baş Məclisinin 64-cü sessiyasının martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə 2010-cu il 23 fevral tarixli qərarını xatırladıb.
Sonra institutun “İrs” folklor ansamblı tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib, meydan tamaşaları göstərilib.

