Bakı, 19 mart, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan Multikulturalizmi” mövzusunda səyyar mühazirələrini davam etdirir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti mühazirə Ali Hərbi Məktəbdə keçirilib.
Akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdikləri tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin baş məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad İlyasov ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb. Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Natiq qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik mühitinin dayanıqlılığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə mühüm töhfə olaraq təqdimatı istiqamətində əhəmiyyətli təşəbbüslər irəli sürür.
“Azərbaycan multikulturalizmi” proqramı bu ilin əvvəlində Təhsil Nazirliyi tərəfindən təsdiq edilib.
Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edəcək “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.