Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil ocağının xidmət mühəndisliyi fakültəsi və beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə Dünya Sosial İş Gününə həsr olunan tədbir keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri universitetin sosial iş ixtisası üzrə təhsil alan tələbələrinə “İnsan alveri və beynəlxalq miqrasiya” mövzusunda xüsusi təlim keçiblər.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmisi Sərhan Aktoprakın apardığı təlimdə miqrasiya və insan alveri arasındakı bağlılıq, insan alverindən müdafiə yolları geniş müzakirə predmeti olub.
Mövzuya dair videoçarx iştirakçılar tərəfindən maraqla izlənilib.
Sonda BMqT və Qızıl Aypara Cəmiyyətinin nümayəndələri tələbələrə buklet, kitabça və videomateriallar təqdim ediblər.