Minsk, 19 mart, AZƏRTAC
Böyük Qələbənin 70 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün MDB ölkələrinin prezidentlərinə dəvətnamələr göndərilib. AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev bu barədə jurnalistlərə martın 19-da məlumat verib.
Sergey Lebedev deyib: “Bildirirəm ki, Qələbənin 70 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün MDB dövlətlərinin rəhbərlərinə dəvətnamələr göndərilib. Bildiyimə görə, həmin dəvətnamələr baxılıb. Bəzi dövlət rəhbərləri artıq bu dəvətə müsbət cavab veriblər. Ümid edirik ki, bütün dövlət başçıları Moskvaya gələcəklər”.
Jurnalistlərin xahişi ilə S. Lebedev mayın 8-də Rusiya paytaxtında Bİrliyin qeyri-rəsmi zirvə toplantısı keçiriləcəyi barədə KİV-lərdə yayılmış məlumatı da şərh edib. O deyib: “Elan edildiyi kimi, mayın 8-də Moskvada bu böyük və müqəddəs hadisəyə həsr edilmiş qeyri-formal görüş keçirilməsi, həmçinin dəvət olunmuş MDB və uzaq xarici ölkələrin dövlət başçılarının Qələbənin 70 illiyinə həsr edilmiş təntənələrdə iştirak etməsi planlaşdırılır. Onlardan bəziləri Qələbə Paradında iştirak etməyə qalacaqlar”.
S.Lebedev onu da əlavə edib ki, Qələbənin 70 illiyinə həsr edilmiş birgə tədbirlərdə iştirak etmək çağırışına Birliyin üzvü olan bütün dövlətlər cavab veriblər. O deyib: “Aydın məsələdir ki, bu Qələbə keçmiş Sovet İttifaqının bütün xalqlarının birgə səyi hesabına qazanılıb”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk