Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-publisist Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” kitabının “İmza günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda “Mütərcim” nəşriyyatında çap olunan kitab AYB-nin “aybKitab” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzadı. Kitabda yazıçının “Axirətdən gələn zəng” pyesi və iki hekayəsi yer alıb.
Təqdimat mərasimində Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov, AYB-nin sədri, xalq yazıçısı Anar çıxışlarında Hüseynbala Mirələmovu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, kitab haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Mərasimində çıxış edən “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, filologiya elmləri doktorları Vaqif Yusifli, Himalay Qasımov, yazıçı-publisist Elçin Hüseynbəyli, şairlər Oqtay Rza, Balayar Sadiq, Ənvər Əhməd, Əli Rza Xələfli və başqaları Hüseynbala Mirələmovu əməksevər, işgüzar, öz üzərində fəal çalışan insana, yaradıcılığında həyat həqiqətlərinə sadiq qalan yazıçı kimi dəyərləndiriblər.
Sonda Hüseynbala Mirələmov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığın bildirib, imzası ilə kitablarını oxuculara təqdim edib.