Şahbuz, 19 mart, Rauf Əliyev, AZƏRTAC
Martın 19-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Şahbuz rayonuna gəliblər.
AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
Burada onlara məlumat verildi ki, Azərbaycanın ən qədim guşələrindən olan Şahbuz rayonu dağlıq ərazidə yerləşir. Eneolit, tunc, dəmir, antik və orta əsrlər qəbir abidələrinin topoqrafiyası göstərir ki, bu bölgədə həyat bütün qədim dövrlərdən ardıcıl davam edib. Bu ərazidə yad mədəniyyət qalığı və təsiri yoxdur. Küküçay boyunca yerləşən arxeoloji abidələr eramızdan əvvəl III minilliyə aiddir. Tədqiqatlar sübut edir ki, bu ərazidə Xocalı-Gədəbəy mədəniyyətinə xas abidələr çoxluq təşkil edir. Onların içərisində Sarıdərə abidələri ictimai quruluşun, xalqımızın etnogenezinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Aparılan tədqiqatlar orta əsrlər mənbələrində adıçəkilən Şahbuz (Şahpur) qalasının hələ eramızın ilk əsrlərində salındığını göstərir.
Muzey barədə də şagirdlərə məlumat verildi. Qeyd edildi ki, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə 2 min eksponatla fəaliyyətə başlayıb. 2002-ci ildən muzey yeni binada yerləşir. Hazırda burada 4 mindən artıq eksponat saxlanılır. Muzeyin ən qədim eksponatları 1986-cı ildə rayonun Kolanı kəndi ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı küp qəbirlərdə aşkar edilən tunc alətlər, bəzək əşyaları və saxsı qab nümunələridir.
Şagirdlər Şahbuz şəhər 2 saylı tam orta məktəbinə gəliblər. Burada məktəblilərin diqqətinə çatdırıldı ki, məktəb 216 şagird yerlikdir. Məktəbdə 98 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur. Məktəbin üç minə yaxın dərslik və bədii ədəbiyyat fondu olan kitabxanasında internet vasitəsilə digər elektron kitabxanalara da müraciət etmək mümkündür. Şahbuz şəhər 2 saylı tam orta məktəb 2014-cü il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 2013-2014-cü tədris ilində keçirilmiş müsabiqədə “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. 1930-cu ildə ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar 8 illik, daha sonra isə tam orta məktəb statusuna yiyələnib. Müasir standartlara cavab verən, arxitekturası ilə diqqəti cəlb edən üçmərtəbəli yeni tədris binası 2014-cü ilin payızında şagirdlərin ixtiyarına verilib.
Şagirdlər təhsil ocağında üçü elektron lövhə ilə təmin olunmuş 12 sinif otağına, kimya, biologiya və fizika laboratoriyalarına, hərbi kabinəyə, kompyuter, şahmat otaqlarına maraqla baxdılar. Kompyuter otağında hər biri internetə qoşulmuş 19 kompyuter dəsti var. Fənn laboratoriyaları müasir tədris-təcrübə avadanlıqları ilə təmin edilib. Fizika laboratoriyasında quraşdırılan elektron lövhə dərslərin və təcrübə məşğələlərinin müasir tələblər səviyyəsində keçirilməsinə şərait yaradıb.
Məktəblilərin Naxçıvan Muxtar Respublikasındakı tur-aksiyası davam edir.