Bərdə, 19 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi Novruz bayramı münasibətilə Bərdə rayonunda məskunlaşmış 704 ailədən ibarət 2800 məcburi köçkünə 17 min 80 kiloqram həcmində 22 min 400 manat məbləğində ərzaq yardımı göstərib.
AZƏRTAC xəbər verir ki, Baş Prokurorluğun məsul işçiləri və 24 rayon prokurorluğunun əməkdaşları Bərdə şəhərindəki meşəçilik institutu ərazisində məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların məişət şəraiti və problemləri ilə tanış olublar.
Görüşdə Baş Prokurorluğun idarə rəisinin müavini Adil Bəylərov Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, habelə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə başçısının apardığı siyasət barədə məlumət verib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin xalqımızın mənafeyinə uyğun həll olunması, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə nəticələnəcəkdir.
Göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən məcburi köçkünlər Prezident İlham Əliyevin işğal edilmiş ərazilərimizin azad edilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində fəaliyyətini dəstəklədiklərini bildiriblər.