"Sərhəddə dayanan erməni hərbçisi anlayır ki, onu Rusiya silahı ilə məhv etməyə çalışırlar".

Bunu Serj Sarkisyan - öz xalqını boğaza yığmış, hətta küçələrdə üzünə “Serj, rədd ol!” deyilən bir siyasətçi deyir. Yəqin, erməni əsgəri rəhbərinin nə dediyini anlayır. Sanki o bədbəxt Rusiya silahı ilə deyil, sapandla, ya da ki, Braziliya silahı ilə silahlanıb. Sanki erməni əsgəri Azərbaycanın kəndlərini və şəhərlərin sapandla yandırıb, ərazisinin 20 faizini sapandla tutub.

Əlqərəz, hansısa mediaforumda çıxış edən Ermənistan prezidenti sonradan ayılıb və Rusiyanın incik salmamağa çalışıb. "Müstəqillik illərində Ermənistan heç bir ölkədən Rusiyanın verdiyi dəstəyin heç bir faizini də ala bilməyib", - deyə erməni prezident bildirib. Bu, doğrudur. Moskvanın yardımı olmasa idi ermənilər Dağlıq Qarabağ əvəzinə qulaqlarının dibini görərdilər. Rusiya İrəvana yalnız pul deyil, qaz, pulsuz silah göndərir, hətta Qarabağ müharibəsində iştirak üçün öz silahlı qüvvələrini göndərmişdi. Bu gün Ermənistan - Türkiyə sərhədini qoruyan sərhədçilər də Rusiyadan gəlir. Bununla belə, Serj Sarkisyan istəyir ki, Rusiya Azərbaycana silah satmasın. Halbuki, Azərbaycan bu silahın pulunu tam qiymətinə sərbəst dönərli valyuta ilə verir. Moskvanın Bakıdan aldığı milyardlar Rusiyanın elə də yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı üçün çox əhəmiyyətlidir.

Ermənilərin “hərbi strateqi” Sarkisyan isə sanır ki, Moskva Azərbaycan silah satmaqdan imtina eləsə, Qarabağ problemini Bakının hərbi yolla həll etmək imkanı olmayacaq. Əslində, o, üzdə xoruzlansa da, erməni ordusunun hücumlara cavab verə biləcəyini desə də, ürəyinin dərin qatlarında yaxşı silahlanmış və təlim görmüş Azərbaycan əsgərlərindən çox qorxur.

İndi Serj özü üçün vacib saydığı bu mövzunu çox qabardır. Amma nədənsə Kremldə əvvəlki kimi susurlar və heç bir tədbir görmürlər. Yəqin orda da artıq başa düşürlər ki, Azərbaycan heç də Ermənistan deyil və öz müttəfiqini kürəyindən vurmaz. Halbuki, rəsmi İrəvan müxtəlif beynəlxalq toplantılarda və simpoziumlarda bu alçaqlığı edir.

Bizə isə Serj Sarkisyanın növbəti gəvəzəliyinə məşhur atalar sözündə olduğu kimi reaksiya verməliyik: "İt hürər, karvan keçər".
Mənbə
ANS PRESS