Tunisin paytaxtı Tunisdə ölkə ordusunun hərbi formasını geyinmiş 3 terrorçu parlament binasına hücum çəkib. Daha sonra onlar yaxınlıqdakı Bardo Milli Muzeyinin binasına soxularaq orada 22 turisti qətlə yetiriblər. Polis cavabında xüsusi əməliyyata başlayıb.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, atışmada terrorçulardan ikisi, 1 polis və 1 yerli sakin həlak olub.
Tunisin baş naziri Əssid Həbibin dediyinə görə, muzeyə hücum etmiş terrorçulara qoşulan daha iki nəfərin axtarışları davam edir.
15-ci əsrdə tikilmiş Bardo sarayında Tunisin ən böyük muzeyi yerləşir. Muzeyin kolleksiyaları arasında Qədim Roma mozaikaları xüsusi yer tutur.
Tunisdəki qanlı terror aktının "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması tərəfindən hazırlandığı, həyata keçirildiyi deyilir.
Al Jazeera isə Bardo Milli Muzeyinə terror hücumu zamanı 22 turistin həlak olduğunu, 50 nəfərin yaralandığını bildirir. Həlak olan turistlər arasında Britaniyanın 2, Fransanın 2, Almaniyanın 1, İtaliyanın 1 və İspaniyanın 1 vətəndaşı var.
Albawabhnews məlumatlarında israr edir ki, terrorçular iki nəfər olublar.
Milli.Az
















































