Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan “Həftəbecər”i (21-ci say) təqdim edir.

Vəziyyət elə gətirib ki, Azərbaycanda mətbuatın gündəmində olmaq üçün çox da böyük işlər görmək lazım deyil. Elə bircə lazımsız söz demək kifayətdir ki, saytlar özü səni axtarıb tapsın, piar eləsin. Elə bir çox sənətçilərimiz də həmkarlarımın “zəif damarı”nı tapa biliblər.
Elza Seyidcahan bir neçə gün əvvəl “Bu şəhərdə” komandasını məhkəməyə verəcəyini demişdi. Biz də yazmışdıq. Ümumiyyətlə, bu xanım “şeir” yazır, biz də onun yazdığını yazırıq, ağlına gələni geyinir, yenə də yazırıq, qaloş geyinir, əlimiz dinc durmur - yazırıq, oğlunu evləndirir, yazırıq, oğlu boşanır yenidən evlənir, təzədən yazırıq... İndi də “Bu şəhərdə” komandasını məhkəməyə verməkdən vaz keçib. Görürsünüz, biz yenə yazırıq. Bekarçılığın üzü qara olsun... Yəqin ki, bir də oktyabrda “məhkəməli açıqlamalar” verəcək. Adam düşünür ki, fəxri ad daşıyan bir xanımın bu qədər ucuz piara ehtiyacı var idimi? Demək var imiş...
 
Tanınmış müğənni Yusif Mustafayev, deyəsən, hələ də XX əsrdədir. Sənətçi deyib ki, gərək qızın bakirəliyi ər evində pozulsun. Yusif müəllimə məsləhət görərdim ki, vaxt ayırıb bircə dəfə Perinatal Mərkəzin qarşısından keçsin. Hər gün bu mərkəzə onlarla 16-17 yaşlı qızlar abort elətdirməyə, “təmir olunub” ərə getməyə gəlir. Hətta bildiyimə görə, “təmir kampaniyası” o qədər geniş vüsət alıb ki, ölkədə sap çatışmazlığı yaranıb.
 
Müğənni İlahə Fəda şəxsi həyatı barədə maraqlı açıqlamalar edib. Deyib ki, valideynləri tez ayrılıblar, o da ata həsrəti çəkib. Sonra bir oğlanı sevib, oğlan da ondan üç-dörd yaş böyük olub. Qohum-əqrəba da deyib ki, bəsdir də görüşdüz. Onlar da deyiblər ki, hə yaxşı, daha bəsdir və ayrılıblar. Yox, burası səhv oldu. Nəysə, 14 il bir yerdə yaşayandan sonra kişi deyib ki, uşağımız olsun. İlahə xanım da deyib ki, 40 yaşdan tez olmaz. Axırda da rəhmətlik dünyasını dəyişib, uşaq da olmayıb. Hər şeyi başa düşdüm. Amma bu sitatı başa düşən olsa, mənə də izah etsin:
 
“Yaxşı oğlanıydı. Atamdan sonra kişilərə etibarımı itirmişəm. Ona görə uşaq da dünyaya gətirmədim. Dedim, birdən xəstələnər, qəzaya düşər ölər, övladım atasız qalar”. On dörd il inanmaya-inanmaya eyni adamla bir damın altında yaşamaq və inamsızlıq? Bu, qeyri-səmimiliyin pik nöqtəsidir...
 
Xalq artisti Aygün Kazımova ilə keçmiş duet orağı və sevgilisi Namiq Qaraçuxurlunun ayrılması beş ildir müzakirə olunur. Hətta bölgələrdə bu “tema” hələ də moddadır. O gün rayonda toydaydım, bir ağbirçək qadın yaxınlaşıb soruşur ki, ay bala, Aygünlə Namiq doğrudan ayrılıblar? Deməli, kənd zəhmətkeşlərimizi indiyədək bu sual düşündürür. Aygün Kazımova da vətəndaşlarımızın bu narahatlıqlarını nəzərə alaraq, məsələ ilə bağlı yepyeni açıqlama verib. Bu açıqlamanı diqqətlə oxuyanda cütlüyün niyə ayrılması aydın görünür. Deməli, Namiqin səhvləri çox imiş. Ən başlıca səhvi isə hisslərini etiraf etməyi bacarmamasıymış.
 
Həftənin ən qalmaqallı şou-biznes hadisəsi isə Nadir Qafarzadəylə bağlıydı. Daha doğrusu, sənətçinin ATV-nin canlı yayımında həmkarı Sami Yusufa “o haranın zibilidir ki” deməyi ortalığı qarşıdırdı. Hətta sosial şəbəkələrdə Qafarzadəni təhqir edənlər də tapıldı. Ardınca xəbər yayıldı ki, Nadiri telekanaldan qovublar. Nəysə, Sami gəldi konsertini verdi və getdi. Ara yerdə Nadir də babat piar tutdu. Yenə də biz jurnalistlərin “zəif damarı”... Ancaq biz Tahir kişinin qızı Maralı “müğənni Maral Tahirqızı” kimi təqdim edən kəslərik. Müqayisədə Nadiri piar eləmək daha urvatlıdır.
 
Geridə qalan həftə mərhum reper Hüseyn Dəryanın vəfatının bir ili tamam oldu. Digər yaddaqalan hadisə isə Azərbaycanın “Eurovision” təmsilçisinin müəyyənləşməsiydi - Elnur Hüseynov.
 
P.S. Sonda saytımızın və rubrikamızın oxucularını Novruz bayramı münasibətilə təbrik edirəm. Gələn “Həftəbecər”də daha maraqlı xəbərlər var.
 
Milli.Az