Rusiyanın aparıcı media qurumları Ermənistan prezidenti Serj Sarkisyanın Moskvanın Azərbaycana satdığı silahlarla bağlı verdiyi açıqlamanı geniş işıqlandırıblar.

ANS PRESS-in məlumatına görə, "İnterfaks" agentliyi, "Qazeta.ru" və başqa rus portalları Sarkisyanın məlum açıqlamasını demək olar eyni başlıqla təqdim ediblər:

"Ermənistan Rusiyanın Azərbaycana satdığı silahlardan narahatdır".

Qeyd edək ki, Sarkisyan erməni mətbuatına verdiyi açıqlamasında Rusiyanın Azərbaycana silah satmasından narahatlığını bildirib:

"Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər".

Qeyd edək ki, Sarkisyanın Kremli ittiham etməsi ilə bağlı açıqlamasının Rusiya mətbuatında geniş tirajlanması Putin hakimiyyətinə mesaj kimi dəyərləndirilə bilər. Görünür, Sarkisyan başda olmaqla erməni tərəfi bu ittihamı Rusiya ictimaiyyətinə çatdırmaqla rəsmi Moskvanı Azərbaycanla silah satışından daşındırmağa çalışır.

Bu baxımdan da Rusiyanın aparıcı xəbər portalları Sarkisyanın açıqlamasını "Ermənistan Rusiyanın Azərbaycana satdığı silahlardan narahatdır" başlığı ilə təqdim etməklə ermənilərlə həmrəy olduğunu bir daha göstərmiş oldu.

Mənbə
ANS PRESS