Bakı, 18 mart, AZƏRTAC
Təhsil Nazirliyi, Amerikanın Azərbaycandakı Ticarət Palatası və “British American Tobacco” şirkətinin birgə təşəbbüsü ilə Bakı Slavyan Universitetində (BSU) əmək yarmarkası təşkil edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Amerikanın Azərbaycandakı Ticarət Palatası direktorunun müavini Zaur Kərimov yarmarkanın məqsədi barədə iştirakçılara məlumat verib. Qeyd olunub ki, əmək yarmarkası tələbələrlə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işə götürənlər arasında əlaqələrin yaradılmasına xidmət edir.
İnsan resursları üzrə mütəxəssis Nərgiz İbadzadə əmək yarmarkasının gələcək fəaliyyətindən danışıb. Bildirilib ki, Bakıda mayın 23-də təşkil olunacaq əmək sərgisində tələbələr artıq real iş yerlərinə dəvət ala biləcəklər.
İştirakçılara respublikanın rəsmi təşkilatları – nazirlik və komitələr, o cümlədən ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlər, vakant iş yerləri barədə məlumat verilib, gənclərin sualları cavablandırılıb.
Tədbirdə BSU-nun tələbələri ilə yanaşı, Azərbaycan Dillər Universitetinin tələbələri də fəal iştirak ediblər. Gənclər yarmarkada təklif olunan iş yerləri barədə ətraflı məlumat almaq imkanı qazanıblar.